300+ katolik qaçırıldı: Vaşinqton hərəkətə keçir!
Təhlil
26.11.2025 15:28
Nigeriyada katolik məktəbindən 300-dən çox şagirdin və müəllimin kütləvi şəkildə qaçırılması ABŞ-də ciddi narahatlıq yaradıb. Vaşinqton bəyan edib ki, Nigeriyada təhlükəsizlik vəziyyətinin ağırlaşması fonunda terrora qarşı əməkdaşlıq genişləndirilə bilər. ABŞ həm sanksiyalar, həm də Nigeriyaya əlavə təhlükəsizlik dəstəyi variantlarını nəzərdən keçirir.

Maraqlıdır, ABŞ regionda hərbi və siyasi iştirakını genişləndirməyə məcbur qala bilərmi?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Abutalıb Səmədov bildirib ki, Nigeriyada xristianlara qarşı hücumlar Trampın kəskin etirazına yol açıb:

"Nigeriyada xristianlara qarşı baş verən hücumlarla bağlı vəziyyət ABŞ-ni və xüsusilə də ABŞ Prezidenti Donald Trampı ciddi şəkildə narahat edir. Noyabrın əvvəllərində törədilmiş terror aktından sonra indi katolik məktəbində baş verən yeni hücum məsələni daha da kəskinləşdirib və Trampı sərt bəyanatlar verməyə vadar edib".
Onun sözlərinə görə, bundan əvvəlki hücumla bağlı Tramp açıq şəkildə bildirmişdi ki, ABŞ Nigeriyada terrorizmə qarşı mübarizə aparmaq üçün hava zərbələri endirə və ya quru əməliyyatı ilə ölkə ərazisinə daxil ola bilər. ABŞ prezidenti eyni zamanda Nigeriya hakimiyyətini sanksiyalarla da hədələmişdi.

Analitik vurğulayıb ki, Trampın sərt reaksiyasının arxasında siyasi motivlər dayanır:
"Bu açıqlamaların arxasında həm də daxili siyasi motivlər dayanır. Qarşıdan gələn il Nümayəndələr Palatası və Senatın bir hissəsi üçün seçkilər keçiriləcək və bu proses Tramp üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Əgər o, bu seçkilərdə üstünlük əldə etməsə, prezidentlik müddətinin qalan hissəsi siyasi baxımdan daha çətin keçəcək. Bu səbəbdən Tramp daxili auditoriyanın dəstəyini möhkəmləndirmək üçün özünü xristianların müdafiəçisi kimi göstərməyə çalışır".
A. Səmədov sonda əlavə edib ki, digər tərəfdən, Nigeriyada xristianlara qarşı terror aktları davam edir və hücumların ardıcıllığı fonunda ABŞ-nin sanksiya tətbiq etməsi və ya hərbi əməliyyatlara start verməsi ehtimalı artır. Artıq Prezident Tramp bu istiqamətdə müəyyən göstərişlər də verib.
Jalə Rövşən
tag: Abutalıb Səmədov,Siyasi ekspert,Nigeriya,Qaçırılma,Todaypress.tv,
