Sülh gündəliyində YENİ MƏRHƏLƏ: Ermənistana benzin ixracına başlanılır!
Təhlil
18.12.2025 16:39
Azərbaycanla Ermənistan arasında formalaşan sülh gündəliyi çərçivəsində dekabrın 18-dən etibarən Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.
22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.
Sözügedən məsələni TodayPress TV-yə şərh edən Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Ermənistanın enerji təhlükəsizliyinin Azərbaycan tərəfindən təmin olunmağa başlaması təkcə strateji addım deyil, eyni zamanda regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır:

“Bu proses Ermənistan rəhbərliyinin erməni toplumuna sülhün verəcəyi töhfələri real şəkildə göstərməsi baxımından ən effektiv vasitələrdən biridir. Bundan daha təsirli yol ola bilməzdi”.
Ekspertin sözlərinə görə, artıq erməni toplumu Azərbaycanın sülh istəyindəki səmimiliyini təkcə bəyanatlarda deyil, gündəlik həyatında da hiss etməyə başlayır:
“Bu, sülh prosesinin uğuru üçün vacib şərtdir. İnsanlar sülhün konkret faydasını gördükcə bu prosesə inam da artır. Azərbaycan eyni səmimiyyəti Ermənistan tərəfindən də real addımlarda görmək niyyətindədir. Bu səmimiyyət Zəngəzurdan keçəcək “TRİPP marşrutu” layihəsinin tikintisi ilə bağlı konkret addımların atılması ilə öz təsdiqini tapa bilər. Məhz bu cür addımlar regionda etimadı möhkəmləndirə bilər”.
Politoloq əlavə edib ki, Ermənistanın Rusiya və İrandan enerji və nəqliyyat asılılığının azalması regional sülhə birbaşa töhfə verəcək:
“Hesab edirəm ki, hazırda baş verən proseslər bu istiqamətdə sülhün daimi və qalıcı olmasını təmin edəcək”.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Ermənistan,Sülh,Todaypress.tv,
