Brüsselin planı Moskvanı QƏZƏBLƏNDİRDİ: Avropa “gözdə-qulaqda”
Təhlil
26.11.2025 14:38
Avropa İttifaqı (Aİ) ABŞ-nin Rusiya-Ukrayna müharibəsi ilə bağlı hazırladığı 28 maddəlik sülh planına alternativ plan hazırlayıb.

Sənəd 24 maddədən ibarətdir. Mətnə görə, ərazi danışıqları mövcud təmas xətti əsasında aparılacaq. Ukraynaya ABŞ-nin də daxil olduğu NATO-nun 5-ci maddəsinə bənzər hüquqi təhlükəsizlik zəmanətləri veriləcək. Plana münaqişə bitdikdən sonra davamlı sülh və təhlükəsizliyi təmin etmək üçün bir sıra addımlar daxildir.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva Ukrayna üçün "Avropa planı" haqqında məlumatlar alıb. O bunu qeyri-konstruktiv və Rusiya üçün yararsız adlandırıb:

"Moskva bunu əsla qəbul etməyəcək. Avropa meydandakı reallıqlardan ya xəbərsizdir, ya da özünü belə göstərir".
Bəs Avropanın irəli sürdüyü 24 maddəlik sənədi qəbul etdirmə ehtimalı varmı?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, Ukrayna–Rusiya müharibəsi başlanandan bəri müharibəni dayandırmaq üçün müxtəlif təşəbbüslər irəli sürülüb, həlli variantları təqdim edilib, lakin Moskva həmişə bunlardan yayınıb və ya imtina edib.

Onun sözlərinə görə, sonuncu - Tramp tərəfindən təqdim edilən 28 maddəlik həll planı ciddi müzakirələrə səbəb olub, eyni zamanda Qərbdə və Ukraynada narazılıq və etirazlar doğurub:
“ABŞ faktiki olaraq Kremlin istəklərinin həyata keçirilməsinə yaşıl işıq yandırıb. Ancaq göründüyü kimi, Qərb liderləri Cenevrədə toplanaraq özlərinin hazırladığı 24 maddəlik təklif irəli sürüb. Həmin həll sənədləri arasında ciddi fərqliliklər var. Qərbin təklifi daha ədalətli və uzunmüddətli həll yolunu ehtiva etdiyi üçün daha uyğun hesab edilir. Ancaq Moskva həmişə olduğu kimi yenə də nizamlanma prosesindən qaçdı. Yaranmış fürsətdən öz əlini gücləndirmək üçün istifadə etməkdədir. Rusiya əvvəlki mövqeyindən çəkinməyərək şərtlərini diqtə etdirmək istəyir və bunu həm diplomatik sahədə, həm də cəbhədə təzyiqlərlə nümayiş etdirir”.
Ekspert hesab edir ki, Rusiyanı dayandırmaq üçün daha kəsərli tədbirlərə əl atılmalıdır.
Qiymət Mahir
tag: Əli Orucov,Politoloq,Brüssel,Moskva,Todaypress.tv,
