Paşinyanın “EV TAPŞIRIĞI”: Yeni konstitusiya ilə bağlı referendum nə zaman keçirilə bilər?
Təhlil
27.08.2025 17:59
"Sülh danışıqlarının başa çatması və sazişin imzalanması üçün Ermənistanda gələn il keçiriləcək seçkilərin nəticəsini gözləmək lazımdır".
Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi analitik Rizvan Hüseynov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın konstitusiya islahatlarının vaxtını yenidən təxirə saldığını bildirib:
"Paşinyan son açıqlamasında bildirib ki, 2026-cı ilin sonu və ya ondan sonrakı ilin əvvəlində Ermənistanda referendum keçirilə bilər. Referendumda Ermənistan Konstitusiyasının preambulasında Azərbaycan ərazilərinə iddia məsələsinin ləğvi də nəzərdə tutulur.
Paşinyana inansaq, referendum həmin tarixlərdə keçiriləcək. Əgər o hakimiyyətdə qalsa və Ermənistanda daxili siyasi sabitliyi qoruya bilsə, o halda Vaşinqtonda Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrasından tam rahat şəkildə danışmaq mümkün olacaq. Bu müddət ərzində isə, necə deyərlər, Ermənistan hakimiyyətinin “ev tapşırıqları” var: konstitusiya dəyişikliklərinin həyata keçirilməsi və Zəngəzur yolunun tikintisi. Azərbaycan Prezidenti İlham Əliyev də diqqətə çatdırıb ki, Azərbaycan 43,5 kilometr uzunluğunda yolu bir ilə inşa edə bilər. Yəni Ermənistan müraciət etsə, Azərbaycan kömək edə bilər. Çünki görünən odur ki, Ermənistanın bu sahədə təcrübəsi yoxdur və kənar dəstəyə ehtiyac duyacaq".
Siyasətçiyə görə, bu “ev tapşırıqları” təxminən bir il yarım ərzində icra olunmalıdır. Bundan sonra Qafqazda sülhün bərqərar olmasından danışmaq olar.
Analitik bu müddət ərzində, yəni 2027-ci ilə qədər və xüsusilə seçkilər zamanı Rusiya və İranın Ermənistanda gedən proseslərə müdaxilə etmə ehtimalını istisna etməyib:
"Şübhəsiz ki, Rusiyanın cəhdləri uğursuz olacaq. Çünki Paşinyan öncədən tədbirlərini görür, siyasi rəqiblərini neytrallaşdırır, həbs etdirir. Burada Rusiyanın nəzarəti altında Ermənistanda fəaliyyət göstərən rəqiblərdən söhbət gedir. İstər erməni kilsəsində, istər biznesdə, istərsə də siyasətdə Paşinyanın rəqibləri mövcuddur.
Bu baxımdan, böyük ehtimalla, seçkilərdə Paşinyan yenə qalib gələcək, ardınca referendum keçiriləcək və çox güman ki, müharibə və ya gərginlik dövrü tamamilə sona çatacaq".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində gələn yay Ermənistanda keçiriləcək parlament seçkilərindən bəhs edib və yeni konstitusiya layihəsi üzərində işləndiyini diqqətə çatdırıb:
"Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər".
Qiymət Mahir
tag: Rizvan Hüseynov,Politoloq,Paşinyan,Tapşırıq,Todaypress.tv,
