“Danışıqlara hazırıq” mesajının pərdəarxası: "ABŞ Moskvaya "cəsarət" verir"

Təhlil

20.11.2025 17:15

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Moskvanın Ukrayna üzrə danışıqlara hazır olduğunu bildirib. Onun sözlərinə görə, danışıqlardakı fasilə Kiyevin dialoqu davam etdirmək istəməməsindən qaynaqlanıb. O əlavə edib ki, Ukrayna gec-tez danışıqlara məcbur olacaq, lakin daha çətin vəziyyətdə. Qeyd edək ki bundan əvvəlki dövrdə Rusiya danışıqlardan yayınırdı. Bu bəyanatın Zelenskinin Türkiyəyə səfərindən sonra verilməsi də  müəyyən suallar doğurur.


Maraqlıdır, Rusiya Türkiyənin vasitəçiliyindən niyə ehtiyyat edir? 

Məsələni TodayPress TV -yə şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirb ki, "danışıqlara hazırıq" mesajı Kiyevə təzyiq formasıdır:


"Ümumiyyətlə, Rusiya tərəfi daim danışıqlara maraqlı olduğunu bəyan edir, lakin bu proseslərdə real irəliləyiş müşahidə olunmur. Moskva yalnız öz təkliflərini irəli sürür və onlardan geri addım atmaq niyyətində olmadığını açıq şəkildə göstərir. Hazırda ABŞ-nin təqdim etdiyi sülh planı gündəmdədir və görünən odur ki, Rusiya bu planın hazırlanmasında müəyyən səviyyədə iştirak edib və ya prosesdən xəbərdar olub. Bunun fonunda Peskovun “Rusiya danışıqlara hazırdır, Ukrayna isə deyil” açıqlaması Kiyevə təzyiq cəhdi kimi dəyərləndirilə bilər — məqsəd Ukraynanı Donald Tramp administrasiyasının təklif etdiyi sülh planını qəbul etməyə yönəltməkdir".

Zelenskinin Türkiyə səfəri 


"Təbii ki, Moskva narahatdır ki, Ankara bu planı tam dəstəkləməsin və Avropa İttifaqı ilə koordinasiyalı şəkildə Ukraynanın mövqeyinə daha yaxın dayansın. Bu səbəbdən Rusiya tərəfi sözügedən səfərin nəticələrindən ehtiyat edir. Lakin mövcud vəziyyətdə nə Avropa İttifaqının, nə Ukraynanın, nə də Türkiyənin bu təklifləri qəbul edəcəyi real görünür".

"ABŞ-nin irəli sürdüyü sülh planı müəyyən mənada Rusiyaya əlavə — dırnaqarası — “cəsarət” verir və onun mövqeyini sərtləşdirməsinə şərait yaradır".

Ekspertin fikrincə, Rusiya danışıqları uzadaraq mövqeyini sərtləşdirmək strategiyasını davam etdirir: 

"Rusiya yenə də özünü danışıqlarda “maraqlı tərəf” kimi təqdim etməyə çalışır, amma indiyə qədər aparılan bütün proseslər göstərir ki, Moskva Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanımaqdan imtina edir və maksimalist mövqeyini masada saxlayır. Belə şəraitdə real və praqmatik danışıqlardan danışmaq mümkün deyil. Rusiya həm danışıqlar vitrini yaratmağa, həm də sahədə hərbi üstünlük qazanaraq Ukraynanı daha çətin vəziyyətə salmağa çalışır. Hazırda da Moskva eyni strategiyanı davam etdirir".

Jalə Rövşən

TodayPress TV

tag: Məhəmməd Əsədullazadə,Politoloq,ABŞ,Rusiya,Todaypress.tv,