Rusiya küncə sıxışıb: Ehtiyat neft anbarları da hədəfdə
Təhlil
14.11.2025 17:35
Novorossiyskdə Rusiyaya məxsus “Şesxaris” neft terminalına edilən dron hücumu yanğına səbəb olub, bir neçə nəfər xəsarət alıb. Hücumdan sonra Rusiyanın 11 hava limanında təhlükəsizlik məqsədilə “Xalça” planı tətbiq edilərək uçuşlara məhdudiyyət qoyulub. Son günlər Rusiya neft bazalarına hücumların artdığı, bunun ölkəni ehtiyat neft anbarlarına üz tutmağa məcbur etdiyi bildirilir.
Bəs neft infrastrukturuna yönələn intensiv hücumlar fonunda ehtiyat anbarlara müraciət olunması Rusiyanın enerji strategiyasında hansı boşluqları üzə çıxarır və bu vəziyyət ölkənin ixrac imkanlarına necə təsir göstərə bilər?

Məsələni TodayPress TV-yə şərh edən siyasi analitik Taleh Əliyev bildirib ki, Ukrayna son aylarda Rusiyanın həm hərbi, həm də enerji infrastrukturunu dron və artilleriya zərbələri ilə sistemli şəkildə hədəfləyir:
"Rusiyanın Ukraynaya qarşı başladığı xüsusi hərbi əməliyyatlardan çox qısa müddət sonra Ukrayna Rusiya ərazisindəki hədəflərə—xüsusilə hərbi bazalara və neft-qaz sənayesi obyektlərinə—dron və artilleriya hücumlarına başlayıb".
Onun sözlərinə görə, Ukraynanın əsas məqsədi Rusiyanın hərbi və enerji imkanlarını paralel şəkildə zəiflətməkdir:
"Ukrayna həm Rusiyanın hərbi resurslarını tükətməyi, həm də enerji sektorunu hədəf alaraq ölkənin strateji məhsullarını dünya bazarına çıxarma imkanlarını məhdudlaşdırmağı, daxili enerji sistemində böhran yaratmağı hədəfləyir".
T. Əliyev qeyd edir ki, ardıcıl hücumlar artıq Rusiyanın enerji sistemində ciddi boşluq yaradıb:
"Artıq demək olar ki, hər gün Rusiyanın müxtəlif regionlarındakı neft-qaz obyektlərinə dron hücumları edilir. Bu obyektlərin məhv edilməsi Rusiyanın enerji təchizatında boşluqlar yaradır, ölkəni ehtiyat neft anbarlarına müraciət etməyə məcbur edir. Bu isə öz növbəsində Ukrayna üçün yeni hədəflər açır".
Şərhçinin sözlərinə görə, prosesin növbəti mərhələsində Ukrayna ehtiyat anbarları da hədəfə ala bilər:
"Növbəti mərhələdə Ukraynanın dron və aviasiyası Rusiyanın ehtiyat neft anbarlarını da məhv etməyə çalışacaq. Məqsəd Rusiyanı işğalçılıq siyasətindən çəkindirmək üçün onun iqtisadi və enerji resurslarını maksimum dərəcədə zəiflətməkdir".
Jalə Rövşən
tag: Taleh Əliyev ,Rusiya,Neft bazaları,Ukrayna ,Todaypress.tv,
