NATO sammitində Ukraynanın taleyi həll olunacaq? – ŞƏRH

Təhlil

25.06.2025 15:52

"NATO Zirvəsində Ukrayna məsələsi əsas müzakirə mövzularından biridir".  

Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Niderlandın Haaqa şəhərində keçirilən NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi NATO Sammitində bir çox mühüm məsələlər müzakirə olunur və bu müzakirələrin içərisində Ukrayna mövzusu ayrıca bir yer alır. 

"Artıq ümumi yanaşma ondan ibarətdir ki, Ukraynaya edilən yardımlar NATO-nun ümumi xərcləri çərçivəsində nəzərə alınsın. Belə təkliflər mövcuddur və əgər bu təklif qəbul olunarsa, bu, Ukraynaya yardımların daha stabil və davamlı şəkildə həyata keçirilməsinə zəmin yarada bilər".  

Analitk diqqətə çatdırıb ki, ABŞ bu məsələyə daha geniş spektrdən yanaşsa da, bu xərclərin daha çox Avropa ölkələrinin üzərinə düşməsini istəyir. Ağ Ev bildirir ki, Avropa ölkələri öz maliyyə öhdəliklərini yerinə yetirdikcə, bu zaman Amerika da silahlarının satışını həyata keçirə bilər.  

"Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO toplantısına dəvət edilməsi də məhz bu məntiqlə bağlıdır. Doğrudur, Zelenskinin ABŞ lideri Donald Trampdan uzaq tutulması üçün bəzi cəhdlər olub. Həm də onun tədbirdə iştirakının bəzi ölkələr tərəfindən sual altına alınması halları müşahidə edilib. Lakin ümumilikdə digər ölkələrin Ukraynaya yardım məsələsinə ciddi etiraz edəcəyi gözlənilmir". 

Politoloq bildirib ki, artıq bu istiqamətdə müəyyən addımlar da atılıb. Avropa İttifaqı da özünün hərbi fondu vasitəsilə Ukraynaya dəstək verməyi planlaşdırır. Avropa ölkələrinin özündə Ukraynaya lazım olan hərbi texnikanın böyük hissəsi istehsal olunmasa da, ABŞ həmin silahların satışında problem görmür.  

"NATO-nun Ukraynaya dəstək verməsi artıq dördüncü ilinə qədəm qoyan bir siyasətin davamı olacaq. Ən əsası isə gözlənilənin əksinə, ABŞ bu prosesin qarşısını almayacaq", - deyə o, nitqini sonlandırıb.

Töhfə Səməd

tag: Oqtay Qasımov,Politoloq,NATO,Ukrayna,Todaypress.tv,

photo