Natanzda RADİASİYA SIZINTISI: Region üçün hansı təhlükələr var?

Təhlil

04.03.2026 15:06

İran Atom Enerjisi Təşkilatı Natanz nüvə kompleksində radiasiya sızıntısı olduğu barədə məlumat yayıb. Lakin obyektin xaricində sızıntı qeydə alınmayıb. Qurum narahatlıq üçün səbəb olmadığını bəyan edib.  

Maraqlıdır, əgər xarici sızma baş verərsə, bu, region üçün hansı real təhlükəni yaradacaq?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Radiasiya Problemləri İnstitutunun direktoru, professor  Adil Qəribov bildirib ki, İranın ərazisində məlum olan ən azı 5 nüvə obyektində dinc məqsədli nüvə tədqiqatları ilə yanaşı, daha böyük məqsədlər üçün nəzərdə tutulan işlər də aparılır: 


“Bu işlərə görə də son illərdə bütün dünya ciddi narahatlıq keçirirdi. Artıq müasir atom elektrik stansiyalarında istifadə olunan 5–6% zənginləşdirilmiş urandan əlavə, 60% və ondan da yüksək faizlə zənginləşdirilmiş uranın əldə olunması istiqamətində aparılan layihələr diqqət mərkəzindədir.

Bilirik ki, bəzi ölkələrin terror hesab etdiyi əməliyyatlarda, hərbi və ya terror xarakterli fəaliyyətlərdə İranın da rolunun olduğu iddia edilirdi. Buna görə də son günlərdə növbəti hədəf kimi bu proseslərə qarşı hücumlar başlanılıb və bu hücumların əsas məqsədi İranın belə siyasət aparan hakimiyyət qurumunun fəaliyyətinin qarşısını almaq və bu cür texnologiyaların inkişafını dayandırmaqdır”.

İRAN DİQQƏT ÇƏKMƏYƏ ÇALIŞIR 

Ekspert Natanz nüvə obyekti ilə bağlı məlumatların daha çox diqqət çəkmək üçün yayıldığını izah edib:


“Natanz nüvə obyekti ilə bağlı müxtəlif xarakterli məlumatlar yayılır. İran hücuma məruz qalıb və müəyyən mənada tək qalıb. Bu dövrdə İran dünya ictimaiyyətinin diqqətini özünə cəlb etmək üçün müxtəlif informasiyalar yaymağa çalışır. Ona görə də İran, hətta həmin obyektdə real sızma olmasa belə, Birləşmiş Millətlər Təşkilatının orqanı olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) diqqətini bu sahəyə cəlb etmək məqsədilə bu tip informasiyaları daha genişmiqyaslı şəkildə yaymağa cəhd edir”.

PARTLAYIŞ BAŞ VERƏRSƏ...

Onun sözlərinə görə, Natanzda mümkün partlayış zamanı ətraf mühitə müəyyən maddələrin yayılması ehtimalı olsa da, bu uzaq məsafələr üçün ciddi təhlükə yaratmır:

“Əgər burada partlayış baş verərsə, əlbəttə ki, ətraf mühitə təbii uranın müxtəlif izotopları yayıla bilər. Lakin burada nüvə çevrilməsi məhsulları çox azdır. Nüvə çevrilmə məhsullarının az olması isə ətraf mühit üçün, xüsusilə uzaq məsafədə yaşayan əhali və ölkələr üçün ciddi təhlükə yaratmır. Amma yaxın məsafədə, yəni kilometrlərlə ölçülən məsafələrdə yaşayan əhali üçün uranın qazşəkilli məhsullarının – məsələn, uran-florid-4 və uran-florid-6 kimi birləşmələrin, həmçinin işlənilməmiş ilkin xammal formasında olan uran maddələrinin ətraf mühitə yayılması ehtimalı mümkündür”.

Professor qeyd edib ki, uran elementinin radioaktiv xüsusiyyətləri də genişmiqyaslı təhlükə yaratmır:


“Bilirik ki, uran çox böyük parçalanma perioduna malik elementdir və o, əsasən zəif radioaktiv alfa zərrəciklərinin parçalanması ilə müşayiət olunur. Alfa zərrəciklərinin havada hərəkət məsafəsi isə cəmi santimetrlərlə ölçülür. Buna görə də uzaq məsafələrdə hansısa ciddi radiasiya fonunun yaranmasından narahat olmağa əsas yoxdur.

Burada uranın nüvə çevrilməsi üçün lazım olan neytron mənbələri də mövcud deyil. Yəni söhbət sadəcə olaraq ətraf mühitə yayılmış urandan gedir. Bu vəziyyəti müəyyən mənada uran yatağının təbii səth təzahürü kimi də qiymətləndirmək olar. Dünyanın müxtəlif ölkələrində belə təbii uran yataqlarının səth təzahürlərinə tez-tez rast gəlinir”.

Onun sözlərinə görə, buna görə də Natanz obyektində baş verən hadisələr uzaq ölkələr üçün təhlükə yaratmır. 

İLLƏRDİR MÜZAKİRƏ OLUNAN NÜVƏ PROQRAMI...

Adil Qəribov bildirib ki, İranın nüvə proqramı uzun illərdir beynəlxalq müzakirə mövzusudur: 

“Ömrüm boyu nüvə sahəsi ilə məşğul olan bir mütəxəssis kimi deyə bilərəm ki, son 20 ildə, hətta İraq müharibəsindən əvvəl belə, İranın nüvə proqramı daim diqqət mərkəzində olub və Birləşmiş Millətlər Təşkilatının orqanı olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müzakirə predmeti olub. Belə bir dövrdə İran kimi böyük tarixə və siyasi məktəbə malik olan bir ölkə hadisələri qabaqcadan görməli və nəticə çıxarmalı idi. İran beynəlxalq tələblərə əməl edərək zənginləşdirmə texnologiyasını yalnız dinc nüvə həddinə qədər – yəni maksimum 20% səviyyəsinə qədər aparmalı idi. Çünki tədqiqat nüvə reaktorları üçün tələb olunan zənginləşmə səviyyəsi 20%-dir”.


Professor İranın öz müstəqil nüvə reaktoru texnologiyası olmadığını vurğulayıb:

“İranın kiçik modul reaktorları yoxdur. Ümumiyyətlə, İranın müstəqil nüvə reaktoru texnologiyası mövcud deyil. Bu sahədə ilkin texnoloji əsaslar Amerika Birləşmiş Ştatları, Almaniya və daha sonra Rusiya tərəfindən formalaşdırılıb. Sadəcə güc nümayiş etdirmək naminə həm özünü, həm də xalqını belə bir təhlükə ilə üz-üzə qoymaq doğru yanaşma deyildi. İran dinc yolla, Şah dövründə olduğu kimi, istədiyi məqsədlərə nail ola bilərdi. Din pərdəsi altında gizlənərək bu siyasəti aparmaq düzgün yol deyildi”.

Qiymət Mahir

tag: Adil Qəribov,Professor,Natanz,Radiasiya,Sızıntı,Todaypress.tv,