Rus ordusu 700 min əsgərlə Ukraynanın üstünə gedir - Savaşda yeni hadisələr yaşanır
"Rusiya lideri Vladimir Putin Ukrayna ordusunun mülki obyektləri hədəf almasını əsas gətirərək cavab zərbələrinin intensivləşdiriləcəyini bildirib. Bu, Moskvanın öz hərbi əməliyyatlarını “müdafiə xarakterli” kimi təqdim etmə cəhdidir".
Bu fikirləri siyasi şərhçi Aydın Tağıyev TodayPress TV-yə danışarkən bildirib.

Analitik əlavə edib ki, beynəlxalq hüquq baxımından mülki obyektlərə qarşı genişmiqyaslı hücumlar legitim müdafiə sayıla bilməz.
"Digər tərəfdən görünən odur ki, Rusiya ordusunun xüsusi hərbi əməliyyat zonasında 700 mindən çox hərbçi olması Kremlin müharibəni uzunmüddətli və genişmiqyaslı planlaşdırdığını göstərir. Bu rəqəm həm daxili auditoriyaya güc nümayişi, həm də Qərbə “bizim resurslarımız tükənməzdir” mesajıdır", - deyə o izah edib.
Siyasi şərhçinin sözlərinə görə, Putin irəliləyişin istədiyi qədər sürətli olmadığını özü də etiraf edir ki, bu da Rusiya ordusunun ciddi müqavimətlə üzləşdiyini göstərir. Ukrayna Qərb silahları və kəşfiyyat dəstəyi ilə müdafiəni gücləndirdikcə, Moskva “yavaş, amma davamlı” narrativi ilə daxili ictimaiyyəti sakitləşdirməyə çalışır.
O əlavə edib ki, cavab zərbələrinin artırılması bəyanatı həm də Qərbə yönəlmişdir:
"Putin göstərmək istəyir ki, Ukraynanın mülki infrastrukturu hədəf alması iddiası Rusiyanın sərt reaksiyasını legitimləşdirir. Bu, Kremlin “biz yalnız cavab veririk” ritorikasının davamıdır. Rusiya liderinin ritorikası hazırda daha sərt və eskalasiyaedici xarakter daşıyır. O, nüvə arsenalının gücləndirilməsini, “Sarmat” raketlərinin sınaqlarını və Qərbə qarşı uzunmüddətli qarşıdurma hazırlığını ön plana çıxarır. Bu, Kremlin həm daxili auditoriyaya güc nümayişi, həm də NATO və Qərbə qarşı psixoloji təzyiq vasitəsidir".
A. Tağıyev hesab edir ki, bu, münaqişənin yalnız döyüş meydanında deyil, həm də diplomatik və informasiya müstəvisində davam etdiyini göstərir. Rusiya öz mövqeyini legitimləşdirmək üçün “müdafiə” ritorikasına söykənir, lakin beynəlxalq aləmdə bu, daha çox eskalasiyanın yeni mərhələsi kimi qəbul olunur.
Aysel Mətləb