Onlar üçün “Sülh Şurası”nda iştirak təhlükəsizlik zəmanətidir – Ramiz Yunus yazır…

Təhlil

21.02.2026 19:25

19 fevral tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış yeni beynəlxalq format — “Sülh Şurası”nın ilk təsis iclası keçirildi. İlk baxışda bu, qlobal institutların uzun siyahısında daha bir struktur kimi görünə bilər. Lakin, əslində, söhbət əvvəlki dünya arxitekturasının idarəolunma baxımından dərin böhran yaşadığı məqamda yeni güc mərkəzinin formalaşdırılması cəhdindən gedir.

Dünya bu gün institusional impotensiya vəziyyətindədir. BMT və onun Təhlükəsizlik Şurası getdikcə nə müharibələrin qarşısını almağa, nə də onları effektiv şəkildə dayandırmağa qadir olduğunu göstərir. Rusiya–Ukrayna müharibəsi uzanaraq Avropada təhlükəsizlik məntiqini dəyişib. Yaxın Şərq yeni eskalasiya həddində balanslaşdırılır. İran ətrafındakı perspektivlər strateji baxımdan qeyri-müəyyən olaraq qalır. Beynəlxalq strukturlar bəyanatlar verirlər, lakin qərar arxitekturası yaratmırlar.


Məhz bu turbulentlik fonunda “Sülh Şurası” daha mobil və siyasi motivasiyalı platforma kimi meydana çıxır. Faktiki olaraq paralel koordinasiya mexanizmi formalaşdırılır. Burada əsas rolu Vaşinqton oynayır və iştirak bəyannamələrlə deyil, resurslar, öhdəliklər və fəaliyyətə hazır olmaqla ölçülür.

Eyni zamanda daha bir amili də nəzərə almamaq olmaz — XXI əsrdə resurslar uğrunda mübarizə daha da sərtləşib. Energetika, nəqliyyat dəhlizləri, nadir torpaq metalları, logistika, ərzaq təhlükəsizliyi — bütün bunlar geosiyasi rəqabətin elementlərinə çevrilir. Tramp Administrasiyası ənənəvi olaraq praqmatik yanaşmadan çıxış edir: təsir strateji marağın olduğu yerdə möhkəmləndirilir.

Təsadüfi deyil ki, ilk iclasda Fars körfəzi ölkələri — Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər kimi nəhəng enerji və investisiya imkanlarına malik dövlətlər fəal iştirak etdilər. Onlar üçün yeni format təkcə siyasi dialoq deyil, həm də qlobal oyunda öz subyektivliyini gücləndirmək alətidir.

Mərkəzi Asiyanın əsas ölkələrinin iştirakı da az əhəmiyyətli deyil — Şərqlə Qərb arasında logistikanın getdikcə daha vacib həlqəsinə çevrilən və əhəmiyyətli xammal resurslarına malik region. Qazaxıstan, Özbəkistan və regionun digər dövlətləri obyektiv olaraq ABŞ-nin maliyyə, texnoloji və investisiya imkanlarında maraqlıdırlar. Onlar üçün “Sülh Şurası”nda iştirak dəyişən Avrasiya konfiqurasiyası şəraitində kapitala, texnologiyalara və alternativ təhlükəsizlik zəmanətlərinə çıxış deməkdir.  


Bu fonda Azərbaycanın iştirakı xüsusilə diqqətçəkəndir. Cənubi Qafqazda status-kvonun dəyişməsindən və bütün ərazisi üzərində tam suverenliyin bərpasından sonra rəsmi Bakı regional lider rolunu möhkəmləndirib və Cənubi Qafqazın xroniki qeyri-sabitlik zonasından yeni nəqliyyat və enerji marşrutlarının tərkib hissəsinə çevrilməsi üçün ciddi səylər göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında münasibətlər bu gün ən praqmatik yüksək səviyyədədir. Yaxın üç ildə Tramp Administrasiyası ABŞ-nin xarici siyasət xəttini müəyyənləşdirəcəyi bir şəraitdə rəsmi Bakı strateji hesablamanı nümayiş etdirir: energetikada, təhlükəsizlikdə və beynəlxalq təsirin genişləndirilməsində imkan pəncərəsindən maksimum istifadə etmək lazımdır. Məhz buna görə də “Sülh Şurası”nın ilk iclasında iştirak Azərbaycanın Avrasiya məkanının müstəqil oyunçularından biri kimi yeni statusunun möhkəmləndirilməsi istiqamətində atılmış addımdır.


Əlbəttə, alternativ formatın yaradılması müəyyən qısqanclıq doğurmaya bilməzdi. Avropa İttifaqında qərarların Brüssel institutları ilə müqayisədə daha sürətlə qəbul oluna biləcəyi strukturun formalaşmasını diqqətlə izləyirlər. Amerika mərkəzinin güclənməsi obyektiv olaraq ənənəvi Avropa kollektiv razılaşma mexanizmlərinin rolunu azaldır.

Prosesi Çin də diqqətlə izləyir. Pekin üçün açıq-aydın Amerika liderliyi ilə müşayiət olunan istənilən yeni format Avrasiya və Yaxın Şərqdə öz təşəbbüslərinin potensial məhdudlaşdırılması deməkdir. Qlobal təsir uğrunda rəqabət şəraitində Çin daha bir proamerika koordinasiya mərkəzinin güclənməsini sakit şəkildə müşahidə etməyə hazır görünmür.


“Sülh Şurası”nın real sabitləşdirici amilə çevrilib-çevrilməyəcəyi açıq sualdır. Lakin aydındır ki, o, dövrün əsas trendini əks etdirir: dünya universal, lakin iflic vəziyyətində olan strukturlardan daha çevik və siyasi yüklənmiş koalisiyalara doğru hərəkət edir. Keçid dövrü nadir hallarda komfortlu olur. Turbulentlik onun təbii vəziyyətidir. Belə məqamlarda keçmişin nizamnamələrindən yapışanlar deyil, gələcəyin formalaşan arxitekturasına ilk daxil olanlar qalib gəlir. 


Britaniyanın sabiq Baş naziri Uinston Çörçillin dediyi kimi: “Böhranın yaratdığı imkanı heç vaxt qaçırmayın”.

Ramiz Yunus

“Xəzər” Universitetinin siyasi elmlər üzrə professoru

tag: Sülh Şurası,Tramp,İran,Amerika,Prezident,İlham Əliyev,ABŞ,Qərb,Todaypress.tv,