Politoloq XƏBƏRDARLIQ ETDİ: “İran-İsrail müharibəsi istənilən an başlaya bilər”

Təhlil

18.08.2025 18:06

“İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin hərbi müşaviri Rəhim Səfəvinin fikirləri reallığı əks etdirir: İran və İsrail arasında müharibə hər an başlaya bilər. Hazırda bölgədə faktiki müharibə vəziyyəti mövcuddur və atəşkəs razılaşması yoxdur”.

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Qərbin İrana qarşı təzyiqləri getdikcə artır və bu təhdidlər artıq konkret formada müşahidə olunur:

“ABŞ Prezidenti Donald Tramp Tehranın uranın zənginləşdirilməsi prosesini dayandırmamasını sərt şəkildə tənqid edir. Lakin İran geri addım atmaq niyyətində deyil. Əgər bu proses belə davam edərsə, İsrailin İrana qarşı yeni hərbi əməliyyatlara başlaması ehtimalı artır.

Hazırda İsrail Yaxın Şərqdə fəal hərbi strategiya həyata keçirir və əsas hədəf İranın regiondakı proksi qüvvələrini zəiflətməkdir. İsrail bir tərəfdən Livan hökumətinə təzyiq göstərərək "Hizbullah"ın tərksilah olunmasını tələb edir. Artıq bu istiqamətdə müəyyən hərəkətlənmələr müşahidə edilir və bu da ölkə daxilində vətəndaş qarşıdurmalarına səbəb olub. Digər tərəfdən, İsrail İranın digər proksisi olan Qəzzada yerləşən HƏMAS-a qarşı genişmiqyaslı əməliyyatlar aparır. Paralel olaraq, yaxın perspektivdə Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (Husilər) hərəkatına qarşı da mümkün müdaxilə ehtimalı müzakirə olunur”. 

Analitikin fikrincə, bu hərbi hazırlıqlar İsrailin İrana qarşı daha genişmiqyaslı hücuma hazırlaşdığını göstərir:

“Əvvəlki qarşıdurmalar göstərdi ki, İranın sərhədlərə yaxın bölgələrdə yerləşdirdiyi proksi qüvvələr, xüsusilə “Hizbullah”, Təl-Əvivə ciddi zərbələr endirmək gücünə malikdir. İsrail bu təhlükəni öncədən zərərsizləşdirmək üçün əvvəlcə həmin qrupları neytrallaşdırmağa, daha sonra isə birbaşa İrana hərbi zərbələr endirməyə hazırlaşır. Hazırkı proseslər yaxın gələcəkdə İran-İsrail müharibəsinin yenidən alovlanması riskini artırır”.

Qeyd edək ki, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin hərbi müşaviri Rəhim Səfəvi son açıqlamasında İranın İsraillə müharibə vəziyyətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda nə ABŞ, nə də İsraillə hər hansı rəsmi razılaşma mövcuddur. Ona görə də gərginlik istənilən an genişmiqyaslı münaqişəyə çevrilə bilər.

Qiymət Mahir

tag: Zeynal Əmirəliyev,Politoloq,İran,İsrail,Todaypress.tv,

photo