Moskvanın dəyişməyən xisləti: "Parçala, hökmranlıq et"

Təhlil

16.08.2025 11:20

"Rusiya Prezidenti Vladimir Putinin Alyaskada ABŞ Prezidenti Donald Trampla görüşü Rusiyanın Ukrayna məsələsində geri addım atmaq niyyətində olmadığını bir daha göstərdi".

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib.

O vurğulayıb ki, Putin görüşə yalnız bu mesajı vermək üçün gedib. Bu görüş dünya siyasətinə "işğalçının diplomatiyada da zəfəri" kimi düşə bilər.

H.Heydərlinin sözlərinə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun SSRİ köynəyi geyinməsi, Putinin Alyaskada cəmi 5 saat qalması, görüşdən sonra naharda iştirak etməməsi və mətbuat konfransında jurnalistlərə soyuq münasibət göstərməsi diplomatiyanın işğalçı qarşısında acizliyini nümayiş etdirib.

"Bu görüş Putinin hələ eramızdan əvvəl mövcud olmuş “parçala, hökmranlıq et” tezisini müasir beynəlxalq siyasətdə nümayiş etdirdiyini göstərdi. Çar Rusiyası XIX əsrdə bu strategiyanı Qafqaz və Orta Asiyada sistemli şəkildə tətbiq edirdi. Putin Rusiyası isə bunu bu gün Ukraynaya qarşı edir. Təəssüf ki, bu siyasətə qarşı nə diplomatiya, nə sanksiya, nə media, nə beynəlxalq təşkilatlar, nə də xalqlar dayana bilir".

Onun sözlərinə görə, Putinin görüşün sonunda dediyi “next time in Moskow” (Növbəti dəfə Moskvada - red.) ifadəsi siyasi mesajdır:

“Bu sözlər "Moskva göz yaşlarına inanmır" ifadəsinin siyasi bənzətməsidir. O, göstərdi ki, siyasət mərhəmət, ağlamaq və acımaq yeri deyil. Geriyə qalan isə "next time"nı göz yaşı ilə gözləyən ukraynalılardır. Ancaq ümid də bəzən sonda ölmür, ölü doğulur”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib. Toplantı üç saata yaxın davam edib.

Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edib. Görüşün əsas müzakirə mövzusu Ukrayna müharibəsi olub.

Türkan İsgəndərli

tag: Hacıbəy Heydərli,Şura üzvü,Moskva,Xislət,Todaypress.tv,

photo