Üçüncü Dünya müharibəsinə sayılı günlər qalıb? – İDDİALARA SON
Təhlil
19.06.2025 12:08
“Son 3 ildə baş verən proseslər, xüsusən də Rusiya-Ukrayna müharibəsinin başlanması Üçüncü Dünya müharibəsi üçün zəmin yaratdı, amma hazırda baş verənlər dünya müharibəsini əks etdirmir”.
Politoloq Sultan Zahidov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O vurğulayıb ki, bəzi ekspertlərə görə, hazırda dünya müharibəsi dönəmində yaşayırıq. Sonrakı nəsillər buna dünya müharibəsi adı verəcək, ya yox bu, sual altındadır:
“Digər tərəfdən, artıq Rusiya-Ukrayna müharibəsi fonunda Yaxın və Orta Şərqdə ciddi eskalasiya baş verməkdədir. Qeyri-regional aktorların da bu prosesə qoşulma ehtimalı günü-gündən artır. Söhbət tək Çindən getmir. Burada Rusiyanın da, İranın da ciddi maraqları var. İranın zəifləməsi, xüsusilə də Suriyada baş verənlərdən sonra Rusiyanın Yaxın və Orta Şərq regionunda dayaqlarının tam şəkildə neytrallaşmasına gətirib çıxara bilər. Ona görə Rusiyanın da bu prosesə əvvəl-axır daxil olmasını gözləyə bilərik”.
Ekspert Çinin İranla əlaqələrindən də bəhs edib. Diqqətə çatdırıb ki, Çinin İranla ciddi strateji iqtisadi ələqaləri mövcuddur. İran təxminən hər gün Çinə 2 milyon barel neft ixrac edir. Bu səbəbdən Çin İranın zərifləməsində maraqlı deyil. Digər tərəfdən Rusiya, İran və Çin ABŞ başda olmaqla Qərbin yaratdığı nizama qarşı olan dövlətlərdir.
Bu baxımdan 3 ölkənin bir-birinin maraqlarını qoruması gözləniləndir ki, biz İranda bunun şahidi oluruq. Əlbəttə, üçüncü tərəflərin münaqişəyə qoşulması üçüncü tərəflər arasında da münaqişə ehtimalını artırır.
Məsələn, ABŞ-Rusiya toqquşması baş verərsə, bu, artıq dünya müharibəsi anlamı vermiş olar. Bu ehtimalı yüksək dəyərləndirmirəm. Hər ikisi nüvə silahına sahib ölkədir. Hər nə qədər paradoksal səslənsə də, nüvə silahı çəkindirici gücdür. Necə ki soyuq müharibə dövründə bu dövlətlər bir-birinə qarşı hərb etmədilər, böyük ehtimalla indi də birbaşa konfrantasiya olmayacaq.
Qiymət Mahir
tag: Sultan Zahidov,Politoloq,Dünya Müharibəsi,İddia,Todaypress.tv,
