Mərkəzi Asiyada radikalizmə qarşı sərt qərar: Hicab və uzun saqqala qadağa
Mərkəzi Asiya ölkələrində dini atributların, o cümlədən hicab, niqab və uzun saqqalın istifadəsinə münasibətdə sərt yanaşmalar getdikcə daha çox gündəmə gəlir. Xüsusilə Tacikistanda dini xarakter daşıyan geyimlərə qarşı qanunvericilik səviyyəsində ciddi məhdudiyyətlər tətbiq olunması regionda diqqət çəkən məsələlərdəndir.
TodayPress TV xəbər verir ki, hüquqşünas İlqar Altayın sözlərinə görə, Tacikistanda hicab və digər dini geyim elementlərinə qarşı mübarizə artıq ayrı-ayrı inzibati tədbirlər çərçivəsindən çıxaraq qanunvericilik səviyyəsinə yüksəlib.
"Tacikistanda radikal dini meyillərin və dini ekstremizmin qarşısının alınması adı altında hicab, niqab və digər dini geyim elementlərinə qarşı rəsmi və kəskin tədbirlər görülür. Hakimiyyət bunu milli mədəniyyətin və milli kimliyin qorunması ilə əsaslandırır. Burada söhbət yalnız hansısa geyim formasından deyil, dövlətin ictimai məkanda dini simvolların görünürlüğünə münasibətindən gedir".
Hüquqşünas qeyd edib ki, Tacikistanda 2024-cü ilin yayında qəbul edilən qanunvericilik dəyişiklikləri ilə “milli mədəniyyətə yad” hesab edilən geyimlərin idxalı, satışı və ictimai yerlərdə geyinilməsi ilə bağlı məhdudiyyətlər sərtləşdirilib.
"Qanunvericiliyə edilən dəyişikliklərdən sonra milli mədəniyyətə yad hesab olunan geyimlərin istifadəsi ilə bağlı daha sərt mexanizmlər yaradıldı. Bu çərçivədə hicab, niqab və dini geyimin müxtəlif elementləri də müzakirə mövzusuna çevrildi. Prezident Emoməli Rəhmon tərəfindən imzalanan qanun ölkədə dini xarakterli geyimlərə nəzarətin hüquqi əsaslarını genişləndirdi. Sözügedən məhdudiyyətlər yalnız geyinmə ilə məhdudlaşmır, dini geyimlərin ölkəyə gətirilməsi və satışına da şamil edilir. Burada üç istiqamət xüsusilə diqqət çəkir: idxal, satış və ictimai yerlərdə istifadə. Yəni dövlət yalnız vətəndaşın üzərindəki geyimə nəzarət etmir, eyni zamanda həmin geyimin ölkəyə gətirilməsi və kommersiya dövriyyəsinə buraxılması məsələsinə də müdaxilə edir".
İlqar Altay əlavə edib ki, qaydaların pozulmasına görə ciddi maliyyə sanksiyaları da nəzərdə tutulur.
"Qanunla müəyyən edilmiş tələblərin pozulmasına görə kifayət qədər böyük məbləğdə cərimələr tətbiq olunur. Söhbət təxminən 7 920 somoni məbləğindən gedir. Bu da vətəndaş üçün kifayət qədər ciddi maliyyə yüküdür. Tacikistan hakimiyyəti bu tədbirləri əsasən milli kimliyin və milli dəyərlərin qorunması, həmçinin dini radikalizm və ekstremizmin qarşısının alınması ilə izah edir. Tacikistan hakimiyyətinin rəsmi mövqeyinə görə, məqsəd milli mədəniyyəti qorumaq, cəmiyyətin dünyəvi xarakterini saxlamaq və dini ekstremizmə qarşı mübarizə aparmaqdır. Dövlət hesab edir ki, müəyyən dini atributların ictimai məkanda geniş yayılması radikallaşma risklərini artıra bilər. Bu yanaşmanın tərəfdarları məhz milli təhlükəsizlik və dünyəvi dövlət prinsipini önə çəkirlər".
Ekspertin görə, ölkədə nəzarət yalnız qadınların geyimi ilə bağlı deyil. Kişilərin xarici görünüşünə, xüsusilə uzun saqqala münasibətdə də sərt yanaşmalar müşahidə olunur.
"Tacikistanda məsələ yalnız hicabla bitmir. Kişilərin görünüşü, xüsusilə uzun saqqal saxlaması ilə bağlı da nəzarət tədbirləri həyata keçirilir. Bu, hakimiyyətin dini identikliyin xarici görünüşdə ifadə olunmasına ümumi yanaşmasının bir hissəsidir. Mərkəzi Asiyada bu istiqamətdəki proseslər yalnız Tacikistanla məhdudlaşmır. Tacikistanda tətbiq olunan sərt tədbirlər fonunda Türkmənistan və Özbəkistanda da dini geyim və xarici görünüşlə bağlı məhdudiyyətlərin gündəmə gəlməsi diqqət çəkir. Region ölkələri dini radikallaşma və ekstremizm risklərinə qarşı müxtəlif hüquqi və inzibati mexanizmlərdən istifadə edirlər. Dövlətin dini ekstremizmlə mübarizə aparmaq hüququ var. Amma bu mübarizə zamanı tətbiq edilən məhdudiyyətlərin hüquqi əsasları, əhatə dairəsi və proporsionallığı da mühüm məsələdir. Hicab və saqqal kimi xarici atributlarla bağlı qadağalar birbaşa insanların dini etiqad və özünüifadə hüquqlarına toxunduğu üçün bu məsələlər hüquqi baxımdan xüsusi həssaslıq tələb edir".
O vurğulayıb ki, Mərkəzi Asiya dövlətlərinin yanaşması regionda dini radikallaşma ilə mübarizə siyasətinin sərtləşdiyini göstərən nümunələrdən biri kimi qiymətləndirilə bilər.
“Bu gün regionda dövlətlər dini radikalizm və ekstremizmlə mübarizə apararkən təkcə konkret təşkilatlara və çağırışlara deyil, dini kimliyin zahiri ifadə formalarına da daha çox diqqət yetirirlər. Tacikistanda hicab, niqab və uzun saqqalla bağlı tədbirlər bunun ən sərt nümunələrindən biridir”, – deyə hüquqşünas İlqar Altay əlavə edib.
Türkan İsgəndərli