Məqsədi bəlli olmayan Erməni kilsəsi: Təxribat yuvası yenə ayağa qalxdı – Politoloq

Təhlil

20.08.2025 12:00

“Moskvanın əsas hədəfi Ermənistan daxilində qarışıqlıq yaratmaq və sülh müqaviləsinin imzalanmasına mane olmaqdır”. 

Politoloq Elşad Həsənov bunu TodayPress TV-yə şərh edərkən deyib. 

O diqqətə çatdırıb ki, hazırda Ermənistanda Baş nazir Nikol Paşinyanla kilsə rəhbərliyi arasında ciddi münaqişə yaşanır: 

“Ermənistan hakimiyyətinin istəyi budur ki, bütün ermənilərin katalikosu II Qareginin yerinə kilsə qanunlarına riayət edən, dini ayinlərlə məşğul olan, amma siyasətə qarışmayan bir şəxs gətirilsin. Kilsənin dövlət işlərinə qarışmaq səlahiyyəti yoxdur. Lakin hazırda Kilikya Katolikosu I Aram özünü siyasətçi kimi apararaq siyasi məsələlərə müdaxilə edir və ölkədə qarışıqlıq yaratmağa çalışır”. 

Ekspert I Aramın Azərbaycan-Ermənistan haqqında dediyi sözlərə münasibət bildirərək vurğulayıb ki, tərəflər arasında imzalanacaq sənəddə gizli bənd yoxdur və bütün müddəalar artıq mətbuata açıqlanıb. O hesab edir ki, əsas şərt bir-birinin daxili işlərinə qarışmamaq və sərhədə üçüncü ölkənin qoşunlarını yerləşdirməməkdir. 

“Vaşinqtonda paraflanmış sənədlər Ermənistan və Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasına real zəmin yaradır. Hazırda əsas gözlənti Ermənistanın öz Konstitusiyalarında yer alan Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etmələridir. Bu addım atıldıqdan sonra müqavilənin imzalanacağı gözlənilir.

Lakin bu prosesin həyata keçməsi, Rusiya üçün ciddi geosiyasi məğlubiyyət anlamına gəldiyindən, Moskva müxtəlif vasitələrlə onu ləngitməyə və ya dayandırmağa çalışır. Kreml açıq şəkildə Ermənistanda hakimiyyət dəyişikliyi yaratmaq niyyətindədir. Bu məqsədlə həm kilsə institutları, həm də keçmiş hakimiyyətin qalıqları səfərbər olunur ki, Ermənistan yenidən Rusiyanın regiondakı forpostuna çevrilsin”.

Analitikin sözlərinə görə, Ermənistan əhalisinin böyük əksəriyyəti indiki hakimiyyəti dəstəkləyir, ölkənin inkişafını və qonşularla normal münasibətlərin qurulmasını istəyir. Ermənistan rəhbərliyi anlayır ki, Azərbaycansız və Türkiyəsiz onlar blokadadan çıxmayacaqlar və inkişaf edə bilməyəcəklər. Buna görə də konstitusiyada ərazi iddiaları ləğv olunacaq və real bir sənədə əsaslanan sülh müqaviləsi imzalanacaq. 

“Parlament seçkilərinə qədər daha çox qarışıqlıq yaratmaq cəhdləri olacaq. Artıq kilsənin iki nümayəndəsi törətdikləri cinayətlərə görə həbs olunub, digərləri də məsuliyyətə cəlb oluna bilərlər. Kilsə nümayəndələrinin əksəriyyəti hazırkı hakimiyyətə müxalifdir və ölkədə xaos yaratmaq istəyirlər”, - deyə E.Həsənov fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, avqustun 17-də keçirilən dini ayin zamanı Kilikya Katolikosu I Aram Vaşinqtonda imzalanmış Azərbaycan-Ermənistan razılaşmasına münasibət bildirərək, sənədin “erməni xalqına detallı şəkildə təqdim olunmalı” olduğunu iddia edib. 

I Aram bəyan edib ki, bu sənəd birtərəfli güzəştlərə və “şübhəli bəndlərə” əsaslanarsa, Ermənistan üçün təhlükə yarada bilər. O, ermənilərin də bu saziş barədə söz deməli olduğunu vurğulayıb. Erməni katolikos həmçinin Ermənistanın “geosiyasi güclərin toqquşma meydanına çevrilə biləcəyini” iddia edib. 

Aysel Mətləb

tag: Elşad Həsənov,Ekspert,Kilsə,Ermənistan,Todaypress.tv,

photo