FSB Rusiya XİN-də araşdırmaya BAŞLADI: Lavrovun sonu yaxınlaşır?

Təhlil

07.11.2025 16:42

Rusiyada Xarici İşlər Nazirliyi ətrafında ciddi gərginlik yaranıb. 

“Kommersant” nəşrinin məlumatına görə, Prezident Vladimir Putin son günlər xarici işlər naziri Sergey Lavrovla sərt tonda danışıb. Məlumatda qeyd olunur ki, bu hadisədən sonra Federal Təhlükəsizlik Xidməti (FSB) Rusiya Xarici İşlər Nazirliyində araşdırmalara başlayıb.

FSB əməkdaşları artıq XİN-in Protokol İdarəsinin sədri Andrey Sokolovu saxlayıblar. Məlumata əsasən, Sokolov Lavrovun yaxın kadrlarından biridir.

Hazırda araşdırmaların nəyə görə aparıldığı və bunun Lavrovun fəaliyyətinə birbaşa təsir edib-etməyəcəyi ilə bağlı rəsmi açıqlama verilməyib. Lakin proses mümkün struktur dəyişikliyinin başlanğıcı kimi qiymətləndirir.

Maraqlıdır, araşdırmalar nəticəsində Lavrov da həbs oluna bilər? O, vəzifədən uzaqlaşdırılsa, yeni XİN rəhbəri kim ola bilər?

Mövzunu TodayPress TV-yə şərh edən siyasi məsələlər üzrə ekspert Kamran Sultanlı Lavrovun həbs ediləcəyini düşünmür:


”O, artıq 50 ildir Rusiya siyasətində aktiv fiqurdur. Təcrübəsi və siyasi çəkisi onu Rusiyanın siyasi sistemində simvolik fiqura çevirib. Onun həbsi və ya sərt formada kənarlaşdırılması Putinin daxili balansını poza bilər. Buna görə də Lavrov daha çox senator və ya simvolik təqaüd vəzifəsində fəaliyyətini davam etdirə bilər”.


Ekspertin sözlərinə görə, Lavrov hərbi qanadın simasına çevrilsə də, siloviklərin dəstəyi ilə önə çıxıb və yaxın vaxtlarda onun diplomatik sistemdən uzaqlaşdırılması mümkündür:

“Ən real ssenari odur ki, Lavrov müharibə bitənədək postunda qalacaq, daha sonra isə tədricən vəzifədən uzaqlaşdırılacaq. Onun yerinə namizədlər arasında Peterburq klanının əsas fiqurlarından biri olan Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narişkin, Qərblə münasibətlərin normallaşmasının tərəfdarı kimi tanınan Rusiya prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev və təcrübəli diplomat, xarici işlər nazirinin müavini Sergey Ryabkov ön plana çıxır”.


K.Sultanlının qənaətincə, bu şəxslərdən hansının seçiləcəyi Rusiyanın gələcək xarici siyasət kursunun istiqamətini müəyyənləşdirəcək:

“Əgər Narişkin təyin olunsa, bu, Moskvanın Qərblə müəyyən yaxınlaşma cəhdlərinin göstəricisi ola bilər. Dmitriyev önə çıxsa, iqtisadi əlaqələrə üstünlük veriləcək. Ryabkovun variantında isə daha çox təcrübəli, balanslı diplomatik xəttin davamı gözlənilir. Hər halda, Lavrovun postu hələlik sabit görünür, amma bu sabitlik uzunmüddətli olmayacaq”.

Qiymət Mahir

TodayPress TV

tag: FSB,Lavrov,Rusiya,Putin,XİN,Todaypress.tv,