“Mövcud şərtlər müharibənin uzunmüddətli olacağını göstərir” - ŞƏRH

Təhlil

28.11.2025 17:34

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin 28 bəndlik sülh planını “əsas” adlandırsa da, dərhal sərt tələblər irəli sürərək kompromisə hazır olmadığını göstərib. O, Krım və Donbasın Rusiya suverenliyi kimi tanınmasını yenidən şərt qoyub və Ukrayna ordusunun “işğal etdiyi əraziləri” tərk etməsini tələb edib. Zelenskinin legitimliyini sual altına alması isə Kremlin vaxt uzatmaq taktikasının davamı kimi qiymətləndirilir. Gələn həftə ABŞ xüsusi nümayəndəsinin Moskvaya səfəri gözlənilsə də, Putinin açıqlamalarından sonra Kremlin planı qəbul edəcəyi real görünmür. 


Sual yaranır, Putinin bu açıqlamaları fonunda ABŞ-nin 28 bəndlik planının real danışıqlara çevrilmə perspektivi varmı?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Samir Hümbətov bildirib ki, tərəflərin uzlaşmaz şərtləri 28 maddəlik planı real nəticədən uzaqlaşdırır:


"Bu 28 maddəlik sülh planının – yəni Amerika Birləşmiş Ştatlarının irəli sürdüyü sənədin – ciddi bir nəticə verəcəyini düşünmürəm. Çünki nə Rusiya, nə də Ukraynanın real mənada sülhə gəlmək niyyəti görür. Hər iki tərəf rəsmi bəyanatlarda “sülh istəyirik” desə də, mövcud reallıq bunun əksini göstərir: qoyulan şərtlər tərəfləri sülh masasına gətirməyə imkan vermir".

"Ukraynanın mövqeyi bəllidir: əraziləri işğal olunub və Kiyev bildirir ki, bu ərazilər tam şəkildə geri qaytarılmadan sülh müqaviləsi mümkünsüzdür".

Onun sözlərinə görə, Moskvanın Krım və Donbası müzakirədən kənar saxlaması sülhü mümkün etməyən əsas maneədir:


"Rusiyanın mövqeyi isə tam fərqlidir: Moskva deyir ki, nə Krım, nə də Donbas müzakirə mövzusu ola bilməz. Bu, Ukraynanın həmin əraziləri “birdəfəlik unutması” anlamına gəlir. Xerson, Zaporojye və digər ərazilərlə bağlı isə Rusiya qeyri-müəyyən mövqe ortaya qoyur – guya vəziyyətə gələcək 10–15 il ərzində yenidən baxıla bilər. Bu da faktiki olaraq yeni bir müharibə riskini saxlayır və sülh müqaviləsini imkansız edir. Əgər ərazi məsələsi həll olunmursa, sülhdən danışmağın özü absurddur".

Ekspertin fikrincə, hazırda Rusiya–Ukrayna müharibəsinin bitməsi istiqamətində real və praktik addımlar atılmır. Sadəcə sülh görüntüsü yaradılır. Rusiyanın şərtləri Ukraynanı qane etmir, Ukraynanın tələbləri isə Rusiyanı. Buna görə də müharibənin hələ uzun müddət davam etməsi ehtimalı çox yüksəkdir.

Analitik vurğulayıb ki, Zelenskinin hakimiyyətdə qalması məsələsi də prosesə təsir edir: 


"Müharibə davam etdiyi üçün ölkənin hər yerində seçki keçirmək mümkün deyil və bu səbəbdən Zelenski faktiki olaraq legitim prezident statusunu qoruyur. Rusiya onu legitim hesab etməsə də, real vəziyyət belədir".

Samir Hümbətov sonda əlavə edib ki, beləliklə, mövcud şərtlər fonunda müharibənin uzunmüddətli olacağı görünür. ABŞ-nin 28 maddəlik sülh planının real işləkliyi isə minimal səviyyədədir.

 Jalə Rövşən

TodayPress TV

tag: Samir Hümbətov,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,