Maneələr aradan QALXIR: Türkiyə-Ermənistan sərhədləri açıla bilər?
Təhlil
09.09.2025 10:32
“Sülh müqaviləsi paraflanandan sonra Türkiyə və Ermənistan sərhədlərinin açılması üçün ciddi maneə qalmır”.
Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər iki ölkə sərhədlərin açılmasında maraqlıdır və bu, yalnız iqtisadi əlaqələr üçün deyil, həm də insani münasibətlər baxımından vacibdir:
“Türkiyədə həm vətəndaş olaraq, həm də dolanışıq məqsədilə yaşayan çox sayda erməni var. Sərhədlərin açılması Ermənistan üçün həm də Avropaya çıxış baxımından xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasında nümayəndələrin danışıqlara başlaması da göstərir ki, tərəflər diplomatik və iqtisadi əlaqələrin qurulmasında maraqlıdırlar.
İlk növbədə iki ölkənin münasibətlərinin konturları müəyyən olunmalıdır. Bir anda əlaqə yaradıb, dərhal türk vətəndaşlarının Ermənistana gediş-gəlişi, turizm və digər məsələlərdən danışmaq tez olar. Əvvəlcə ölkələr arasında mənəvi mühitin sağlamlaşdırılması yolları müzakirə edilməlidir. Erməni cəmiyyətinin müəyyən hissəsində türklərə qarşı nifrət hələ də güclüdür. Ona görə də xalqları bir-birinə yaxınlaşdıracaq addımlar atılmalıdır”.
A.Qasımovun fikrincə, paralel olaraq sərhədlərin açılması üçün konkret tədbirlərin görülməsi müzakirə edilməlidir. Bundan əlavə, “erməni soyqırımı” məsələsini gündəmdən çıxarmaq istiqamətində addımlar atılmalı, həmçinin gözlənilən referendum zamanı Türkiyəyə qarşı Ermənistanın dövlət atributları və Konstitusiyasında yer alan torpaq iddiaları aradan qaldırılmalıdır. Bunların müzakirəsi qaçılmazdır.
Qeyd edək ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Erməni mətbuatında yayılan iddialara görə, sərhədlərin tezliklə açılmasına hazırlıq gedir.
Həmçinin gələn həftə Türkiyə və Ermənistan ilk dəfə nümayəndə heyəti səviyyəsində danışıqlar aparacaq.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Türkiyə,Ermənistan,Todaypress.tv,
