Rusiyanın planı üzə çıxdı: Qafqazda yeni hərbi dairələr yaradılır?
Təhlil
23.07.2025 16:48
“Dünya siyasəti beynəlxalq hüquq normalarına əsaslanmır, əksinə burada güc amili ön plandadır”.
Bunu politoloq Azad Məsiyev TodayPress TV-yə açıqlamasında deyib.
O hesab edir ki, hazırda dövlətlər beynəlxalq hüququ deyil, öz maraqlarını təmin edən güc siyasətini əsas götürürlər. Bu baxımdan, hər bir dövlət, öz təhlükəsizliyini qorumaq üçün hərbi qüvvələrini gücləndirmək məcburiyyətindədir:
“Əgər beynəlxalq hüquq işləsəydi, ordulara bu qədər vəsait ayrılmazdı. Bu gün NATO ölkələri, xüsusən də Avropa dövlətləri hərbi kontingentlərini gücləndirmək üçün dövlət büdcələrinin beş faizini ayırırlar. Bu fakt özü göstərir ki, hər şey güc üzərində qurulub. Başda ABŞ olmaqla NATO bloku Rusiyanı açıq şəkildə düşmən elan edib. Bu səbəbdən Rusiya yeni hərbi doktrinasına baxır və sərhədləri boyunca təhlükələrə qarşı tədbirlər görür”.
Politoloq vurğulayıb ki, Gürcüstan, Ukrayna və Ermənistan bu siyasətin əsas hədəfinə çevrilmiş ölkələrdir. Onun sözlərinə görə, Qərb bu dövlətləri təzyiq altında saxlayaraq Rusiya ilə ikinci cəbhə açmağa çalışır:
“Gürcüstanda baş verən son hadisələr bunu bir daha sübut etdi. Gürcüstan hakimiyyəti açıq şəkildə bəyan etdi ki, Qərb onlara Rusiya ilə qarşıdurma üçün təzyiq göstərir. Ermənistanda da eyni ssenari Paşinyan vasitəsilə həyata keçirilir. Azərbaycanın bu məsələlərə yanaşması fərqlidir. Rəsmi Bakı heç bir zaman üçüncü tərəfin bölgədə gərginlik yaratmasına şərait yaratmayıb. Azərbaycan neytral və balanslı siyasət yürüdür, böyük güclərin əlində alətə çevrilmir. Nə Rusiya, nə də İran əleyhinə üçüncü tərəfə ölkə ərazisindən istifadə icazəsi verilir. Azərbaycan qonşuları ilə dinc yanaşı yaşamaq prinsipinə sadiqdir”.
Qeyd edək ki, son günlər KİV-də yayılan iddialara görə, Rusiya Federasiyası 2030-cu ilə qədər Uzaq Şərq, mərkəz və Qafqazda yeni hərbi dairələr yaratmağı nəzərdən keçirir.
Türkan İsgəndərli
tag: Azad Məsiyev,Politoloq,Rusiya,Qafqaz,Todaypress.tv,
