Moskva diplomatiyanın köhnə üsulunu işə salır: Bakı köhnə oyunlara eyni reaksiyanı verməyəcək!
Təhlil
07.07.2025 15:39
“Azərbaycanın Rusiya ilə münasibətləri normallaşdırmaq istəyi realdır, amma bu, bərabərhüquqlu və suveren yanaşma tələb edir”.
Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Kremlin Azərbaycana qeyri-rəsmi nümayəndə heyəti göndərməyi planlaşdırması barədə xəbərin sızdırılması belə Kreml daxilindəki narahatlığın göstəricisidir:
“Rusiya hazırda Cənubi Qafqazda təsirini sürətlə itirir və Azərbaycanla münasibətlərdəki gərginlik bu geosiyasi zərbəni daha da dərinləşdirir. Qeyri-rəsmi nümayəndə heyəti ideyası – klassik Moskva diplomatiyasının “pərdəarxası tənzimləmə” üsuludur. Amma bu dəfə Bakı köhnə oyunlara eyni şəkildə reaksiya vermir. Azərbaycan nəinki siyasi, həm də hərbi və diplomatik baxımdan müstəqil qərarvermə gücündədir. Qeyri-rəsmi nümayəndə heyəti əslində, Kremldən Bakıya bir “barışıq yoxlanışıdır”. Lakin bu “səmimi səfər” obrazı gerçək maraqları ört-basdır edə bilməz”.
Ekspert qeyd edib ki, Kreml üçün münasibətlərin normallaşması yalnız Rusiyanın bölgədə yenidən “hakim oyunçu” rolunu alması ilə anlamlı olsa da, Bakı bu modelə razı deyil.
İndi söhbət nə qədər yaxın olmaqdan yox, nə qədər sərhəd çəkməkdən gedir. Azərbaycanın Rusiya ilə münasibətləri normallaşdırmaq istəyi realdır, amma bu, bərabərhüquqlu və suveren yanaşma tələb edir. Kreml isə hələ də postimperial reflekslərdən çıxa bilmir. Ona görə də Rusiya bu addımda səmimi olmaq istəsə belə, sistem buna imkan vermir. Normallaşma mümkündür, lakin köhnə metodlarla yox.
Analitik hesab edir ki, Moskva dəyişməsə, Rusiyanın səbəb olduğu konfliktlər də köklü həll edilməyəcək.
Qiymət Mahir
tag: Tural İsmayılov,Politoloq,Azərbaycan,Rusiya,Todaypress.tv,
