Sülh Avropa Siyasi Sammitinə qədər imzalanacaq? – AÇIQLANDI
“Ermənistan tərəfi Ermənistan Konstitusiyasının dəyişdirilməsində prinsipial mövqe nümayiş etdirəcək və sülh müqaviləsi 2026-cı ildə İrəvanda keçiriləcək Avropa Siyasi Sammitinə qədər imzalanacaq”.
Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Ekspertin fikrincə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üçün əsas problem Ermənistan Konstitusiyasıdır ki, burada da əsas məsələ preambula hissəsidir:
“Burada Azərbaycana qarşı ərazi iddiları yer alır və Azərbaycan tərəfi də haqlı olaraq həmin maddələrin dəyişdirilməsini istəyir. İmitasiya sülh rəsmi Bakıya lazım deyil. Bizə lazım olan regionda daimi sülhün əldə olunmasıdır. Bilirik ki, ermənilər gələcəkdə Ermənistan Konstitusiyasında olan maddələrə istinad edərək özləri üçün hüquqi baza yaradacaqlar və bundan istifadə edərək Azərbaycan torpaqlarına qarşı yeni hücum əməliyyatlarına start verəcəklər. Buna görə də Azərbaycan tərəfi bu maddələrin Konstitusiyada yer alması ilə razılaşa bilməz. Düzdür, Ermənistan Konstitusiya Məhkəməsi həmin maddələrin fəaliyyətinin doldurulması haqqında qərar qəbul edib, amma bu, məsələnin həlli deyil. Ermənistanın Baş naziri Nikol Paşinyanın dediyi budur ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, Konstitusiya dəyişdiriləcək. Ancaq Paşinyan bu məsələdə ikitərəfli oynayır”.
Analtik düşünür ki, Konstitusiya əvvəldən dəyişilməlidir:
“Bu, daha optimaldır və Azərbaycanın tələbləri ilə üst-üstə düşür. Biz belə tələb qoymamışıq ki, Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla Ermənistan arasındakı sülh sazişini təsdiq etməlidir. Bizim tələbimiz bizə və qardaş Türkiyəyə qarşı olan maddələrin Konstitusiyadan çıxarılmasıdır. Düşünürəm ki, Ermənistan tərəfi bu məsələdə prinsipial mövqe nümayiş etdirəcək və sülh müqaviləsi azı 2026-cı ildə İrəvanda keçiriləcək Avropa Siyasi Sammitinə qədər imzalanacaq”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, şəxsən ölkənin əsas qanununa dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edəcək.
Qiymət Mahir
tag: Zeynal Əmirəliyev,Politoloq,Azərbaycan,Ermənistan,Todaypress.tv,
