İki ildən sonra ilk təmas: CPT-nin səfəri sükutu pozdu!

Təhlil

08.10.2025 17:34

Avropa Şurasının İşgəncələrin və Qeyri-insani Rəftarın Qarşısının Alınması üzrə Komitəsi (CPT) 2 illik fasilədən sonra sentyabrın 22-dən oktyabrın 3-dək yenidən Azərbaycanda olub.

Səfərin əsas məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində olan şəxslərin saxlanma şəraiti, onlara göstərilən münasibət və həbsxanalardakı vəziyyətlə tanışlıq olub. Komitə üzvləri ölkənin bir sıra istintaq təcridxanalarına, polis idarələrinin müvəqqəti saxlama yerlərinə və psixiatriya müəssisələrinə baş çəkiblər.

Son 2 il ərzində Azərbaycanla Avropa Şurası arasında yaranmış diplomatik gərginlik səbəbindən CPT nümayəndələrinin ölkəyə səfərləri dayandırılmışdı. Bu səfər niyə bərpa olundu?

Mövzunu TodayPress TV-yə şərh edən politoloq Elçin Xalidbəyli Avropa qurumlarının uzun illər ərzində Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyini bildirib:

"Bu münasibətin formalaşmasında erməni diasporunun təsiri və lobbi fəaliyyəti müxtəlif formalarda özünü göstərib. Bu baxımdan demək olar ki, Qərb institutlarının, xüsusilə də Avropa İttifaqını təmsil edən təşkilatların Azərbaycana yönəlmiş qərəzli yanaşmalarının arxasında erməni diasporu tərəfindən maliyyələşdirilən təsir mexanizmləri dayanır.

Bununla belə, Azərbaycan tərəfi Qərbdən gələn əsassız və təxribat xarakterli iddialara arqumentli və prinsipial cavablar verməyi bacarır. Rəsmi Bakı, eyni zamanda bu qurumların qərəzli qərarlarına adekvat və balanslı reaksiya göstərməklə öz mövqeyini qoruyur.

Bu baxımdan, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) azərbaycanlı deputatların fəaliyyətini məhdudlaşdırmaq barədə qərarına rəsmi Bakının verdiyi sərt və əsaslı reaksiya tamamilə adekvat idi".

Ekspertə görə, iki illik fasilədən sonra CPT nümayəndələrinin Azərbaycana səfərinə icazə verilməsi bu istiqamətdə normallaşma prosesinin başlanğıcı kimi qiymətləndirilə bilər.

"Ehtimal olunur ki, müəyyən diplomatik müzakirələr aparılıb və nəticədə Avropa tərəfi ölkəmizə qarşı qərəzli mövqeni nisbətən arxa plana keçirmək qərarı verib. Rəsmi Bakı da buna cavab olaraq monitorinq missiyasının fəaliyyətinə icazə verib.

Bununla belə, Azərbaycanın bu xoşməramlı addımına Avropa qurumlarından hələ rəsmi cavab gəlməyib. Yaxın zamanda bu istiqamətdə qarşılıqlı addımların atılacağı istisna edilmir.

Bütün bunlar onu göstərir ki, AŞPA-da verilmiş birtərəfli qərarın yanlışlığı Avropa dairələrində də tədricən anlayışla qarşılanmağa başlayıb. Gözlənilir ki, bu xətt üzrə münasibətlərin düzəldilməsi və dialoqun bərpası istiqamətində müəyyən real addımlar atılacaq", - deyə E. Xalidbəyli bildirib.

Qiymət Mahir

TodayPress TV

tag: Elçin Xalidbəyli,Politoloq,CPT,Səfər,Todaypress.tv,

photo