Cənubi Qafqazın lokomotivi – Azərbaycan Mərkəzi Asiya ilə yeni əməkdaşlıq platformasında

Təhlil

14.11.2025 11:48

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak edəcək.

İlham Əliyev bildirib ki, Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü onun bu formatda üçüncü iştirakı olacaq. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid tarixi, mədəni və geosiyasi məkanın tərkib hissəsidir və Xəzər dənizi bu birliyin əsas rəmzidir. İlham Əliyevin sözlərinə görə, son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi və strateji tərəfdaşlığın dərinləşməsi münasibətlərin yüksək səviyyəsini təsdiqləyir. 

Maraqlıdır, sözügedən görüşdən gözləntilər nələrdir?

Məsələ ilə bağlı TodayPres TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan regionda etibarlı və perspektivli tərəfdaşdır:


"Bildiyimiz kimi, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü artıq ardıcıl şəkildə keçirilir və 2022-ci ildən etibarən “Mərkəzi Asiya Plus” formatı çərçivəsində davam etdirilir. Azərbaycan Prezidenti də bu görüşdə iştirak edir.

Hesab edirəm ki, dövlətimizin başçısının bu görüşə dəvət alması bir daha göstərir ki, Azərbaycan etibarlı və əməkdaşlıq üçün perspektivli tərəfdaş dövlətdir. Nəzərə almaq lazımdır ki, Mərkəzi Asiya regionu son dövrlərdə sürətlə inkişaf edir. Regionun həm iqtisadi potensialı, həm demoqrafik göstəriciləri, həm də tranzit imkanları onun gələcəkdə böyük inkişaf perspektivlərinə malik olduğunu göstərir. Hazırda regionun əhalisi təxminən 80 milyon nəfərdir və BMT-nin hesablamalarına əsasən (bu məqamı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də öz məqaləsində qeyd edib) yaxın illərdə 100 milyona çatacaq. Yəni əhali resursu da iqtisadi artımı sürətləndirən əsas amillərdən biridir".

Ekspert qeyd edib ki, ölkəmiz  Orta Dəhlizdə əsas nəqliyyat və enerji tərəfdaşıdır:

"Azərbaycan öz ərazisində mühüm nəqliyyat-logistika imkanlarına malikdir və Orta Dəhliz konsepsiyasının həyata keçirilməsində yaxından iştirak edir. Ölkəmizin ərazisindən mühüm nəqliyyat arteriyaları keçir. Bu baxımdan, Orta Asiya ölkələri ilə Azərbaycanın nəqliyyat-logistika, enerji və digər strateji sahələrdə əməkdaşlıq imkanları olduqca genişdir".

E.Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ilə yeni əməkdaşlıq mərhələsinə qədəm qoyur:

"Sammit çərçivəsində müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir. Buraya enerji və qida təhlükəsizliyi, nəqliyyat-logistika və digər prioritet sahələr daxildir. Ümumilikdə, Azərbaycan son dövrlərdə Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı daha da genişləndirib. Artıq “Mərkəzi Asiya ölkələri plus Azərbaycan” adlı yeni əməkdaşlıq formatının formalaşmasının ilkin əlamətləri görünməkdədir. Azərbaycan Cənubi Qafqaz regionunu bu formatda uğurla təmsil edir, çünki regionun həm siyasi, həm də iqtisadi baxımdan lokomotiv dövlətidir"

Analitik hesab edir ki, Məşvərət görüşü Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığını yeni səviyyəyə yüksəldəcək:

"İndiyədək qurulmuş əməkdaşlıq mexanizmlərinə əlavə olaraq, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü çərçivəsində yaranan təmaslar regionla Azərbaycanın hərtərəfli və çoxşaxəli əlaqələrinə güclü təkan verəcək. Gələcək mərhələdə ölkəmizin nəqliyyat-logistika, enerji və təhlükəsizlik sahələrində daha səmərəli əməkdaşlıq imkanları mövcuddur. Tərəfdaş dövlətlər də bu imkanları görür və Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlıdırlar".

Politoloq sonda əlavə edib ki Prezidentin sammitdə iştirakı tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirəcək:

"Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə dəvətə görə təşəkkürünü bildirib. Bu, eyni zamanda, Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Ümumilikdə, Mərkəzi Asiya regionu ilə Azərbaycan arasında unikal əməkdaşlıq sisteminin formalaşdığı və bu sistemin uğurla fəaliyyət göstərəcəyi aydın görünür. Prezidentin bu sammitdə iştirakı isə bu əməkdaşlığa əlavə təkan və stimul verəcək".

Jalə Rövşən

tag: Azərbaycan,Mərkəzi Asiya,Məşvərət,İlham Əliyev,Todaypress.tv,