40 dəqiqəlik görüşün sirri — Ərhürman Türkiyəyə necə dəvət olundu?

Təhlil

14.11.2025 15:05

Noyabrın 13-də Şimali Kipr Türk Respublikasının (ŞKTR) yeni seçilmiş Prezidenti Tufan Ərhürman Ankaraya gedib.

19 oktyabrda keçirilən seçkilərdən sonra ŞKTR Prezidenti seçilən Tufan Ərhürman, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə ilk beynəlxalq səfərini edib.

Maraqlıdır, Ərhürmanın dövründə Türkiyə-Kipr münasibətləri necə inkişaf edəcək?

Mövzunu TodayPress TV-yə şərh edən siyasi məsələlər üzrə ekspert Kamran Sultanlı bildirib ki, Tufan Ərhürmanın Türkiyəyə səfərinə razılıq anidən verilməyib:


“Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı seçkilərdən dərhal sonra ŞKTR-nın Türkiyəyə qatılmalı olduğunu bildirmişdi. Amma Bağçalı ilə Ərdoğan arasında baş tutan 40 dəqiqəlik görüşdən sonra Ərdoğan Ərhürmanı rəsmi dövlət səfərinə dəvət etdi”.

Ekspertin sözlərinə görə, Ərhürman sabiq prezident və federasiya tərəfdarı olan Mustafa Akıncıdan daha fərqli münasibətlər xətti izləyəcək:

“Bir tərəfdən o, yunan icması ilə dialoq tərəfdarı kimi çıxış edir, digər tərəfdən isə adada iki dominant xalqın olduğunu deməsi Kipr yunanlarının mövqeyinə ziddir. Çünki Kipr yunan elitası adadakı türkləri bərabərhüquqlu icma kimi yox, daha çox azlıq kimi görür”.


K.Sultanlı xatırladıb ki, Ərhürman Kiprin gələcək təhlükəsizliyinin Türkiyənin adada mövcudluğundan keçdiyini də vurğulayıb:

“Bu, son zamanlar “Türkiyə adanı tərk etsin” şüarları səsləndirən federasiyaçıların mövqeyi ilə ziddiyyət təşkil edir. Əgər ŞKTR beynəlxalq ictimaiyyətlə münasibətlərini dərinləşdirmək istəyirsə, türk dünyası ilə əlaqələri Tatar dövründə olduğu kimi davam etdirməlidir. Hazırda türk dünyasından başqa ŞKTR ilə münasibət quracaq başqa ölkələr yoxdur. Bu baxımdan Ərhürmanın TDT-də aktivliyi davam etdirəcəyini düşünürəm”.

Ekspert bildirib ki, Türkiyə üçün iki dövlət modeli artıq yeganə çıxış yoludur və bu model Şərqi Aralıqdakı 3 trilyon dollarlıq rezerv uğrunda gedən mübarizədə də vacib əhəmiyyət daşıyır:

“Bu çərçivədə Ərhürman adanın rum icması ilə dialoqu davam etdirə və mümkün qədər Aİ-nin diqqətini cəlb etməyə çalışa bilər. Amma Ərhürmanın Akıncıdan fərqli olaraq Türkiyə ilə münasibətlərdə daha praqmatik və ehtiyatlı xətt tutacağı güman olunur. Türkiyə ilə münasibətlər ŞKTR üçün hələ də əsas həyati faktordur”.

Qiymət Mahir

tag: Türkiyə,ŞKTR,Ərdoğan,Ərhürman,Todaypress.tv,