Erməni cəmiyyəti Paşinyanın Türkiyə səfərini niyə “həzm edə bilmir”?

Təhlil

21.06.2025 15:06

“Ermənistanın yeganə çıxış yolu regiondakı qonşuları ilə barışmaqdır”.

Politoloq Tofiq Abbasov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Ermənistanın hazırkı vəziyyəti, ölkənin milli və siyasi orqanizminin dərin problemlərlə üzləşdiyini göstərir. 

“Bu gün Ermənistanda sağlam düşüncəli insanlar anlayırlar ki, bu siyasi orqanizm xəstədir və onun müalicəyə ehtiyacı var. Lakin indiyədək aparılan "epizodik" müdaxilələr heç bir real nəticə verməyib. Çünki bu, artıq xroniki xəstəliyə çevrilib və nifrətə, kinə əsaslanan siyasət hələ də Ermənistanın daxili və xarici vektorlarını formalaşdırır. Heç şübhəsiz ki, hələ də ermənilər xilas yolunu okeanın o tayında – ABŞ-də, Avropada, Avstraliyada axtarırlar. Halbuki xilas yolları onların coğrafi reallığında – regionun özündə, yaxın qonşuları ilə normal münasibətlərin qurulmasındadır. Qonşularla qarşılıqlı hörmətə, dialoqa əsaslanan münasibətlər qurulmalıdır. Mübahisələr belə qarşıdurmalara yox, sabitliyə gətirib çıxarmalıdır”.

Analtikin qənaətincə, bu gün Ermənistan üçün yeganə çıxış yolu sülhə can atmaqdır. Ölkənin Baş naziri Nikol Paşinyan bu baxımdan fərqli siyasi kurs seçib:

“Paşinyan deyirsə ki, biz Qarabağı yox, Ermənistanı qazandıq, bu, ciddi siyasi mesajdır. Bu bəyanat onun xilasedici rol oynaya biləcəyini göstərir”, – deyə o bildirib.

Poltoloq Ermənistan cəmiyyətində hələ də sülhə qarşı radikal mövqe tutanların olduğunu diqqətə çatdırıb. O, bu düşüncələrin kökündə dayanan təxribatçı siyasi qüvvələri – Robert Köçəryan və Serj Sarkisyanın siyasətini xatırladıb:  

“Məğlub olan da Paşinyanın ordusu yox, məhz bu radikal düşərgənin hərbi-siyasi strukturları oldu. Azərbaycan qələbədən dərhal sonra Ermənistana sülh əlini uzatdı. Ermənistan isə bu jesti anlamadı. Halbuki dəyişən dünya nizamında müharibələrə yer yoxdur. Müharibələr dağıntıdır, acıdır, iztirabdır. Bu yolla nə inkişaf, nə də gələcək qurmaq mümkündür. Yaxın gələcəkdə Ermənistan cəmiyyətində də bu anlayış güclənəcək. Radikal düşüncədən uzaq, realist yanaşmalar üstünlük təşkil edəcək. Paşinyan qarşıdan gələn seçkilərdə də xalqın dəstəyini qazanacaq, çünki sabitlik və barış istəyi cəmiyyətin əsas tələbinə çevrilir". 

T. Abbasov sonda vurğulayıb ki, Ermənistan səmimi şəkildə regionda sabitlik və inkişaf istəyirsə, bu yalnız Türkiyə ilə deyil, eyni zamanda Azərbaycanla barışıqdan keçir. 

"Biz artıq öz böyüklüyümüzü göstərmişik. İndi növbə onlardadır”, – deyə o, fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, iyunun 20-də Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə işgüzar səfəri ölkə daxilində bir sıra siyasi dairələr, həmçinin cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Radikal qüvvələr bunu Paşinyanın “məğlubiyyəti qəbul etməsi” kimi qiymələndirib. 

Töhfə Səməd

tag: Tofiq Abbasov,Politoloq,Paşinyan,Türkiyə,Todaypress.tv,

photo