Zəngəzur dəhlizi yenidən gündəmdə: Nəzarət necə təmin olunacaq?
Təhlil
24.10.2025 15:32
Türkiyə mediasında yayılan “Qafandan Naxçıvana qədər xətt Azərbaycana qaytarılır!” adlı süjetdə bildirilir ki, Ermənistanın Zəngəzur (Sünik) bölgəsində təxminən 1200 kvadratkilometr ərazi Azərbaycana təhvil veriləcək. Bu addım “böyük regional normallaşma planı”nın tərkib hissəsi kimi qiymətləndirilir.
Məlumat Ermənistanda ciddi rezonans doğurub. İddialara görə, Bakı və İrəvan arasında Zəngəzur dəhlizinə dair pərdəarxası razılaşmalar mövcuddur. Plana əsasən, Qafandan Naxçıvana qədər olan xətt Azərbaycanın nəzarətinə keçəcək, bəzi sərhəd-keçid məntəqələri yaxınlığında isə Türkiyə üçün “təhlükəsizlik bölgəsi” yaradılacaq.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, bu, Azərbaycanın tarixi haqqıdır:
“Zəngəzur dəhlizi böyük bir nəqliyyat-kommunikasiya kompleksidir və regionun mühüm seqmentinə çevrilir. Hazırda Qars–Iğdır–Naxçıvan istiqamətində 177 kilometr uzunluğunda dəmiryolu xəttinin çəkilməsi üzrə işlər davam edir. Bunun ardınca təxminən 45 kilometrlik Zəngəzur hissəsinin də tikintisi planlaşdırılır. Beləliklə, ümumilikdə 220 kilometrdən artıq bir dəmiryolu şəbəkəsi formalaşacaq. Bu, təkcə malların daşınmasını deyil, həm də xalqlar arasında humanitar əlaqələrin genişlənməsini və dialoq mühitinin yaranmasını təmin edəcək”.
Analitik təhlükəsizlik baxımından nəzarət məsələlərinin ölkəmizdə olmasının vacibliyini də vurğulayıb:
“Ən vacib məqam Zəngəzur bölgəsindən keçəcək yolun təhlükəsizliyinin təmin edilməsidir. Tarixən bu istiqamətdə hərəkət riskli olub – SSRİ dövründə Azərbaycandan gedən qatarlar Ermənistan tərəfindən hücumlara məruz qalıb. Bu səbəbdən dəmiryolunun Azərbaycanın nəzarəti altında olması həm bu gün, həm də gələcək baxımından etibarlı sülh və təhlükəsizlik mühitinin formalaşması üçün zəruridir.
Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün böyük strateji və iqtisadi əhəmiyyət daşıyır. O, tarixi İpək yolunun, Şimal–Cənub və Orta dəhlizlərin mühüm tərkib hissəsinə çevrilə bilər. Belə bir nəqliyyat infrastrukturunun Azərbaycanın nəzarəti altında olması regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək”.
Jalə Rövşən
tag: Elşad Mirbəşiroğlu,Politoloq,Zəngəzur,Nəzarət,Todaypress.tv,
