Kreml qıcıqlanır: Böhtan xarakterli məlumatlar niyə yayılır?

Təhlil

21.07.2025 20:35

“Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılması fikri absurddur. Region ölkələrinə, o cümlədən Azərbaycana Rusiya ilə hərbi qarşıdurma qətiyyən lazım deyil”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, son zamanlarda gərginləşən Azərbaycan-Rusiya münasibətlərinə toxunub:

“Rusiya mətbuatı adətən hər zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib, ölkənin uğurlarına kölgə salmağa çalışıb. Azərbaycanın üzləşdiyi çətinlikləri isə xüsusi həvəslə qabardaraq təqdim edib. Azərbaycan-Rusiya münasibətlərində gərginliyin olması bir reallıqdır. İnkarolunmaz faktdır ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər son dövrlərdə ən böhranlı həddə qədər çatıb. Bu vəziyyətin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılması kimi təqdim olunması isə tamamilə absurd və məntiqsiz yanaşmadır. Çünki Cənubi Qafqazda heç kimin Rusiya ilə müharibə etmək niyyəti yoxdur. İşğalçı ölkə statusunda çıxış edən tərəf məhz Rusiyadır. Ukraynaya hücum edən, ərazilərini işğal edən və bu işğala “xüsusi hərbi əməliyyat” adı verən də Rusiyadır. Belə olan təqdirdə, Cənubi Qafqazda guya ikinci cəbhənin açılması haqqında iddialar reallıqdan uzaqdır.

Əgər Cənubi Qafqazda hansısa müharibə başlayacaqsa və ya ikinci cəbhə açılacaqsa, bu, yalnız bir mənaya gələ bilər: Rusiya bu regiona qarşı işğalçı və neoimperialist müharibəyə başlamış olacaq. Bunu yalnız Rusiya edə bilər. Cənubi Qafqazın digər dövlətlərinə, o cümlədən Azərbaycana Rusiya ilə hərbi qarşıdurma qətiyyən lazım deyil. Azərbaycanın öz daxili və xarici siyasəti, iqtisadi və ticari əməkdaşlıq hədəfləri var. Gələcək inkişaf perspektivlərini düşünən bir ölkə olaraq, Azərbaycanın planında Rusiya ilə hərbi qarşıdurma yer almır. Rusiya mətbuatının bu məsələləri bu cür qələmə verməsi isə açıq-aşkar qərəzli xarakter daşıyır”.

Analitik Rusiyada hökm sürən absurd yanaşmadan bəhs edib:

“Rusiyada həm siyasi dairələrdə, həm də media sektorunda belə bir yanaşma hökm sürür ki, əgər hər hansı bir dövlət, xüsusilə də postsovet ölkəsi Rusiya ilə eyni mövqedə deyilsə, deməli o, Rusiyaya düşməndir. Bu isə çox absurd və dünyada analoqu olmayan bir yanaşmadır. Əgər Rusiya ilə Azərbaycanın münasibətləri pozulubsa və ya mövqeləri üst-üstə düşmürsə, bu o demək deyil ki, Azərbaycan Rusiyaya qarşı müharibəyə hazırlaşır və ya ikinci cəbhə açmaq niyyətindədir. Maraqlarına uyğun gəlməyən dövləti sıxışdırmaq və öz təsiri altına almaq niyyəti Rusiyanın təxəyyülüdür. “İkinci cəbhə” ifadəsi də, əslində, bu ideyanın dolayısı ilə ifadəsidir”.

E.Xalidbəyli sonda qeyd edib ki, bu cür yanaşma ilə Rusiya müasir dünyadan nə qədər geri qaldığını bir daha nümayiş etdirir. Cənubi Qafqaz regionu hazırda geopolitik, geostrateji və geoiqtisadi baxımdan Rusiyanın maraqlarına uyğun olmayan istiqamətdə irəliləyir. Məhz bu səbəbdən Kreml qıcıqlanır və böhtan xarakterli təbliğatla məşğul olur.

Qiymət Mahir

tag: Cənubi Qafqaz,Rusiya,Azərbaycan,Politoloq ,Elçin Xalidbəyli ,Todaypress.tv,

photo