Danışıqlar masası qurulur? – "Tərəflər razılıq verə bilər"
Təhlil
15.09.2025 17:31
Rusiya, ABŞ və Ukrayna liderlərinin görüşü “nisbətən tezliklə” baş tuta bilər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında “çox yüksək dərəcədə antipatiya” mövcuddur. Buna görə də Tramp istisna etməyib ki, bütün danışıqları şəxsən özü aparmalı olacaq.
Bəs tərəflər buna razı olacaqmı?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə ekspert Kamran Sultanlı bildirib ki, Tramp özünü “unikal vasitəçi” kimi təqdim edir. Hesab edir ki, şəxsi nüfuzu və “sövdələşmə qabiliyyəti” sayəsində Putin və Zelenskini danışıqlar masasına gətirə bilər.
Ekspertə görə, real siyasətdə bu, olduqca çətindir:
"Çünki tərəflər arasında yalnız şəxsi antipatiya deyil, həm də fundamental maraq ziddiyyətləri mövcuddur: Ukrayna öz ərazi bütövlüyünü tam bərpa etmək niyyətindədir, Rusiya isə Krımı və işğal etdiyi əraziləri əlində saxlamağa çalışır. Zelenski dəfələrlə bəyan edib ki, Donbası Rusiyaya verməyəcək. Çünki bu, Ukrayna Konstitusiyasına ziddir və prezident hər şeydən öncə həmin Konstitusiyanın qarantıdır. Lakin böyük beynəlxalq təzyiq olarsa, Kiyev formal olaraq Trampın vasitəçiliyinə razılıq verə bilər.
Putin isə Donbasın nəzarətsiz qalan ərazilərinin ona təhvil verilməsini tələb edir. Həmçinin o, Zelenskinin dəyişdirilməsində daha çox maraqlıdır. Kreml eyni zamanda sanksiyaların yumşaldılmasını və Qərbin parçalanmasını hədəfləyir. Bu məqsədlərin bəzilərinə nail olmaq üçün Moskva belə dialoqa formal şəkildə razılaşa bilər".
K.Sultanlı diqqətə çatdırıb ki, belə bir görüş baş tutsa belə, real və davamlı sülh sazişinin əldə olunması ehtimalı aşağıdır. Daha çox bu, Trampın siyasi imicini gücləndirməyə xidmət edən “şou-diplomatiya” xarakteri daşıya bilər. Paralel olaraq həm Rusiya, həm də Ukrayna Trampı öz mövqelərinə yaxın saxlamaq üçün belə təşəbbüslərə gedə bilərlər.
"Trampla münasibətlər hər iki tərəf üçün önəmli olduğundan, formal danışıqlar mümkündür. Amma ümumilikdə, yaxın perspektivdə sülhün bərqərar olması real görünmür. Atəşkəs olsa belə, bu, müvəqqəti xarakter daşıyacaq", - deyə siyasətçi fikrini yekunlaşdırıb.
Qiymət Mahir
tag: Kamran Sultanlı,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,