Əbu-Dabi görüşünün İLKİN NƏTİCƏLƏRİ
Təhlil
10.07.2025 15:56
"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən birbaşa görüş təxminən beş saat davam edib. Görüşdən sonra yayılan rəsmi açıqlamada bildirilib ki, tərəflər bir sıra mühüm məsələlər üzrə razılığa gəlib, hətta bəzi sənədlər də paraflanıb".
Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress TV-yə açıqlamasında bildirib.
O qeyd edib ki, paraflanma sənədin razılaşdırıldığını göstərir və bu, imza mərhələsinə hazırlıq anlamına gəlir:
"Paraflanma sənədin bütün mətninin razılaşdırıldığını və onu imzalayacaq şəxslərin adlarının qeyd edildiyini göstərir. Bu, əslində imza qədər ciddi bir diplomatik hadisədir".
Deputatın sözlərinə görə, görüş zamanı sülh prosesi çərçivəsində müzakirə edilən əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması və genişləndirilməsi olub. Bu göstərir ki, dəhlizin açılması ilə bağlı ilkin razılaşma artıq əldə olunub:
“Əgər genişləndirilmə məsələsi müzakirə olunubsa, demək ki, dəhlizin açılması artıq razılaşdırılıb. Buraya avtomobil və dəmiryolu nəqliyyatı, internet və enerji xətləri, qaz kəmərləri və digər kommunikasiya vasitələri daxildir. Bu görüşün tarixi əhəmiyyəti ondan ibarətdir ki, o, ikitərəfli qaydada, vasitəçi olmadan baş tutub. Ona görə də düşünürəm, bu iki mühüm ştrix ciddi, konstruktiv nəticədən danışmağımıza imkan yaradır”.
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanın təşəbbüslərinin qəbul olunması və nəticə əldə olunması isə ölkənin beynəlxalq münasibətlər sistemində nə qədər güclü aktor olduğunu bir daha nümayiş etdirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilib.
Türkan İsgəndərli
tag: Hikmət Babaoğlu,Sülh,Görüş,Azərbaycan,Ermənistan,Əbu-Dabi ,Todaypress.tv,
