“Qırmızı xətt” Azərbaycandır! — Dialoq Bakının qərarından asılı olacaq...
Təhlil
03.11.2025 16:00
Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Destici Azərbaycana səfəri çərçivəsində keçirdiyi mətbuat brifinqində deyib ki, Türkiyənin Ermənistanla münasibətində "qırmızı xətti" Azərbaycandır:

“Ermənistan Azərbaycanla olan şərtlərini tamamilə yerinə yetirdikdən sonra Türkiyə-Ermənistan münasibətlərindən danışmaq olar”.
Bu, Türkiyənin Ermənistanla münasibətlərini rəsmi Bakının maraqlarına uyğun şəkildə koordinasiya etmək istədiyini bir daha göstərir.
Politoloq Yusif Bağırzadə bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, hazırda həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan münasibətləri əvvəlki dövrlərlə müqayisədə daha normal və pozitiv istiqamətdə inkişaf edir:

“8 avqust tarixindən əvvəl Azərbaycan və Ermənistan arasında ikitərəfli əlaqələr intensiv şəkildə aparılırdı. Azərbaycan tərəfi bu proses çərçivəsində iki əsas şərt – ATƏT-in Minsk Qrupunun buraxılmasını və Ermənistan Konstitusiyasının preambulasında Azərbaycanla Türkiyəyə qarşı ərazi iddialarının ləğvini irəli sürmüşdü. 8 avqustda ABŞ-də keçirilən üçtərəfli görüş zamanı ABŞ lideri Donald Tramp, Azərbaycan Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan sənəddə bu maneələrin aradan qaldırılacağı təsdiqləndi”.
Ekspert diqqətə çatdırıb ki, artıq ATƏT-in Minsk Qrupu fəaliyyətini dayandırıb, əsas diqqət Ermənistan Konstitusiyasındakı dəyişikliklərə yönəlib:

“Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Desticinin bəyanatında da bu məqam nəzərdə tutulur. Məlumatlara əsasən, Ermənistanın rəsmi möhürlərində əvvəllər yer alan Ağrı dağı simvolu artıq götürülüb. Bu, müsbət addım kimi qiymətləndirilir və böyük ehtimalla Konstitusiya dəyişikliyi də parlament seçkilərindən sonra reallaşacaq”.
Yusif Bağırzadə qeyd edib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi də gündəmdədir, lakin bu, yalnız Azərbaycanın razılığı ilə mümkündür:

“Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirməyincə, prosesin irəliləməsi real görünmür. Hazırda yeganə əsas məsələ – Konstitusiyada müvafiq dəyişikliklərin edilməsi və bunun hüquqi qüvvəyə minməsidir”.
Qiymət Mahir
tag: Yusif Bağırzadə,Politoloq,Azərbaycan,Qırmızı xətt,Todaypress.tv,
