Avropa Zelenskiyə "QIRMIZI XƏTTİ" GÖSTƏRDİ: "Vaşinqton zəmanət verməsə..."

Təhlil

08.12.2025 14:53

“The Wall Street Journal” (WSJ) nəşrinin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında keçirilən telefon danışığı zamanı Avropa liderləri Kiyevə ciddi xəbərdarlıq ediblər. 


Nəşr yazıb ki, liderlər Zelenskiyə bildiriblər ki, ABŞ-dən möhkəm təhlükəsizlik öhdəlikləri əldə edilmədən Rusiyanın irəli sürdüyü tələblərə təslim olmaq qəbuledilməzdir.

Məsələ ilə bağlı Fransa prezidenti Emanuel Makron bildirib ki, Kiyev hər hansı yekun şərti qəbul etməzdən əvvəl Vaşinqton Ukraynanın necə qorunacağına dair açıq və aydın mövqe ortaya qoymalıdır.

Bəs ABŞ Ukraynanın təhlükəsizliyinin təmin edilməsini üzərinə götürəcəkmi?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Avropanın Zelenskiyə xəbərdarlıq etməsi, əslində, öz təhlükəsizlik maraqlarını qorumaq məqsədi daşıyır:


“Avropa liderlərinin bu mövqeyi onların təhlükəsizliyini təmin etməyə yönəlib. Ukrayna isə artıq bir dəfə aldadılıb. Nüvə silahlarının Ukraynanın əlindən alınması üçün imzalanan Budapeşt razılaşmasına təhlükəsizlik zəmanəti verən ölkələr həmin vaxt Ukraynanı faktiki olaraq aldatmışdılar. İndi Ukrayna həmin razılaşmanın cəzasını çəkməkdədir”.

Politoloq Avropa ölkələrinin mövqeyindəki digər tərəfə də diqqət çəkib:

“Avropa liderləri özlərini Ukraynaya yaxın göstərsələr də, əslində, istəkləri ondan ibarətdir ki, ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti versin və bunun nəticəsində daha çox yük onların üzərinə düşməsin. Bu həm də Avropanın acizliyinin göstəricisidir. ABŞ isə bu yükdən yayınmağa çalışır. Tramp yenidən öz başlarına Rusiya problemini götürmək istəmir”.

Azər Qasımov bildirib ki, əgər Tramp Rusiya və Ukrayna arasında müəyyən şərtlərlə sülhə nail olmağa çalışacaqsa, bunun qarşılığında ciddi öhdəlik götürməlidir:


“Əgər Tramp sülhün əldə edilməsi üçün vasitəçilik edəcəksə, Ukraynaya güclü təhlükəsizlik zəmanəti verməlidir. Hazırda Ukraynaya real zəmanət verə biləcək yeganə ölkə ABŞ-dir. Daha sonra digər dövlətlər bu zəmanətdə iştirak edə bilərlər”.

Ekspert hesab edir ki, ABŞ-nin maraqları Trampı bu addımı atmağa məcbur edəcək:

“Düşünürəm ki, Tramp ən azı ABŞ-nin Ukraynadakı iqtisadi maraqlarına görə bu zəmanəti verəcək. Əks halda sülh mümkün olmayacaq. Amma istənilən təhlükəsizlik zəmanəti nisbi xarakter daşıyır. Rusiyanın müəyyən müddət sonra hər hansı bəhanə ilə sülhü pozmayacağına isə heç kim zəmanət verə bilməz”.

Qiymət Mahir

TodayPress TV

tag: Azər Qasımov,Politoloq,Avropa,Zelenski,Todaypress.tv,