Netanyahu "erməni soyqırımı"nı tanıdı: Dövlətin mövqeyi necə olacaq?
Təhlil
28.08.2025 18:39
"İsrail ilə Türkiyə arasında münasibətlər getdikcə daha da gərginləşir. Bunun əsas səbəbi maraqların fərqliliyidir. Yaxın Şərqdə İsrailin atdığı addımlar Türkiyə tərəfindən qəbul edilmir. Ona görə də iki ölkə arasında münasibətlərin nizamlanması olduqca çətindir. Tərəflər bir-birlərinə diplomatik, siyasi və mənəvi-psixoloji zərbələr endirməyə çalışırlar".
Politoloq Akif Nağı bunu TodayPress TV-yə açıqlamasında deyib.
O diqqətə çatdırıb ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ilk dəfə olaraq Osmanlı imperiyasının 20-ci əsrin əvvəllərində “ermənilər, assuriyalılar və yunanlara qarşı soyqırımı” törətdiyini tanıması da bununla bağlıdır və məsuliyyətsiz açıqlama kimi qiymətləndirilir:
"Bunun rəsmi dövlət mövqeyinə çevriləcəyini düşünmürəm. Çünki İsrail daxilində siyasətçilər, partiya rəhbərləri və cəmiyyətin böyük bir hissəsi Türkiyə ilə qarşıdurmadan yayınmağa çalışır. Bu məsələ bir neçə dəfə İsrail parlamentində müəyyən partiyalar və deputatlar tərəfindən qaldırılsa da, hər dəfə rədd edilib. Bu isə İsrail cəmiyyətinin normal münasibətinin göstəricisidir.
Burada əsas məqamlardan biri də regionda təsir uğrunda mübarizədir. Suriyada Türkiyə ciddi mövqeyə malikdir və ABŞ də Ankaranın bölgədə artan rolu ilə hesablaşmağa məcbur olur. Bu, İsraili ciddi şəkildə narahat edir. Hətta Suriyadakı vəziyyətlə bağlı İsrail fərqli mövqe nümayiş etdirməyə və orada təsirini gücləndirməyə cəhd göstərdi. Lakin buna qarşı çıxan yalnız Türkiyə oldu və sərt şəkildə mövqeyini ortaya qoydu. Nəticədə İsrail geri çəkildi. Türkiyənin əsas məqsədi bölgədə sabitliyi təmin etməkdir. Bundan başqa, rəsmi Ankaranın İranla müəyyən münasibətlər qurması da İsrailin narazılığına səbəb olur. Netanyahunun bu cür kəskin mövqedən çıxış etməsinin əsas səbəblərindən biri də məhz budur".
Siyasətçiyə görə, Suriya və Türkiyə arasındakı qarşıdurmanın əsas səbəbi regionda mövqelərin toqquşmasıdır.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilk dəfə olaraq Osmanlı İmperiyasının 20-ci əsrin əvvəllərində "ermənilər, assuriyalılar və yunanlara qarşı törətdiyi soyqırımı" tanıdığını bildirib.
Ondan İsrailin niyə "erməni soyqırımı"nı tanımadığını soruşduqda Netanyahu belə cavab verib:
"Məncə, tanıyıblar. Düşünürəm ki, Knesset (parlament) bununla bağlı qətnamə qəbul edib".
İsrailin heç bir Baş nazirinin niyə "soyqırımı" tanımadığı sualına isə Netanyahu belə cavab verib:
“Mən indi tanıdım”.
Qiymət Mahir
tag: İsrail ,Türkiyə,Yaxın Şərq,Erməni soyqırımı,Todaypress.tv,
