Aydın Mirzəzadə: "Heydər Əliyev Azərbaycanın dövlətçilik yaddaşıdır"
Təhlil
11.12.2025 17:04
"Heydər Əliyev fəaliyyəti ilə adını təkcə Azərbaycan tarixinə deyil, dünya tarixinə yazmış bir şəxsiyyətdir".
Bunu TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, Heydər Əliyev Azərbaycanın haqqını və müstəqilliyini qoruyan qətiyyətli lider idi:
"O, Azərbaycan cəmiyyətinin yetişdirdiyi nadir liderlərdəndir. Heydər Əliyev ölkəni idarə etdiyi bütün dövrlərdə Azərbaycanın tapdanmış hüquqlarının bərpasına, xalqın öz haqqını müdafiə etmək imkanlarının genişlənməsinə, dövlət müstəqilliyinin möhkəmlənməsinə böyük qətiyyət və iradə ilə xidmət edib".
Parlamentari vurğulayıb ki, Heydər Əliyevin dövründə Azərbaycan hərtərəfli inkişaf edən respublikaya çevrilib:

"Onun rəhbərliyi ilə sovet dövrünün durğun vəziyyətində olan Azərbaycan SSR inkişaf edən, iqtisadi və mədəni baxımdan irəli çıxan respublikaya çevrildi. Kənd təsərrüfatına əsaslanan iqtisadiyyat sənaye yönümlü inkişaf xəttinə keçdi. Onun 13 illik fəaliyyəti dövründə altı yeni universitet açıldı, səkkiz yüzə yaxın orta məktəb tikildi. Azərbaycan mədəniyyəti və incəsənəti dünya səviyyəsində tanınmağa başladı. Bu illərdə tikinti sahəsində də misilsiz irəliləyiş əldə olundu və tikilən mənzillərin sayı əvvəlki dövrlə müqayisədə iki dəfə çox oldu".
A.Mirzəzadə Ümummilli Liderin ziyalılara olan qayğısından söz açıb:
"Heydər Əliyev ziyalılara xüsusi qayğı göstərir, milli mədəniyyətimizin və ədəbiyyatımızın inkişafına geniş şərait yaradırdı. Onun siyasi iradəsi nəticəsində azad fikir üçün imkanlar genişləndi".
Deputat, həmçinin əlavə edib ki, Heydər Əliyev müstəqil Azərbaycanın sağlam dövlət quruculuq əsaslarını formalaşdırıb:

"Müstəqillik illərində Heydər Əliyev Azərbaycanı bir ictimai-siyasi sistemdən digərinə ən az ağrılı keçidlə çıxarmağı bacardı, dövlət quruculuğunun əsaslarını yaratdı, təbii sərvətlərdən səmərəli istifadə modelini formalaşdırdı və yeni dövlətçilik məktəbi yaratdı. Onun ən mühüm xidmətlərindən biri də gələcək inkişaf yolunun müəyyən edilməsi və bu yolu davam etdirəcək komandanın formalaşdırılması idi".
O, diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin ardıcıl davamıdır. Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Heydər Əliyevin qoyduğu möhkəm əsaslar dayanır.
"Azərbaycan xalqı böyük oğlu Heydər Əliyevi hər zaman böyük hörmət və ehtiramla anacaq. Onun adı ölkəmiz üçün həm keçmişin qorunması, həm də gələcəyin qurulması deməkdir. Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında daim əziz olaraq qalacaq",- parlamentari deyib.
Jalə Rövşən
tag: Aydın Mirzəzadə,Deputat,Ulu öndər Heydər Əliyev,Azərbaycan,Todaypress.tv,
