Politoloq: "Paşinyanın Qarabağ bəyanatı yeni müharibə riskini artırır"

Təhlil

11.12.2025 15:39

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin artıq bağlandığını bəyan edib və Bakıya bu mövzunu gündəmdən çıxarmaq üçün birgə “yol xəritəsi” hazırlamağı təklif edib. O, Qarabağ ermənilərinin qayıdışının real olmadığını, bu mövzunun davam etdirilməsinin isə yeni müharibə riski yaratdığını bildirib. Paşinyan həmçinin müxalifətin ritorikasını tənqid edərək bildirib ki, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıyıb və buna əməl etmək lazımdır. Bu açıqlama Bakının “Ermənistan–Avropa İttifaqı tərəfdaşlıq sazişi”nə etiraz etdiyi bir dövrə təsadüf edir.


Maraqlıdır, Paşinyanın Qarabağ mövzusunu bağlanmış elan etməsi Ermənistan daxilində siyasi qüvvələr arasındakı münasibətlərə necə təsir edə bilər? Avropa İttifaqına (Aİ) inteqrasiya xəttinin sürətlənməsi fonunda bu addım Bakının danışıqlardakı taktikasını hansı məcraya yönəldə və tərəflər arasında hansı yeni tələblərin gündəmə gəlməsinə yol aça bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki,  Ermənistanda siyasi gərginlik daha da artır:


"Ermənistan daxilində gedən proseslərə diqqət etdikdə görürük ki, ölkədə son dövrlər kifayət qədər dolaşıq və xaotik vəziyyət yaranıb. Baxmayaraq ki, Nikol Paşinyan daxili siyasi durumu müəyyən dərəcədə idarə edə bilir, lakin son repressiyalar, həbslər və bəzi şəxslərin ev dustaqlığına alınması cəmiyyətdə birmənalı qarşılanmır".

Onun sözlərinə görə, revanşistlərin aktivləşməsi Paşinyanı daha qətiyyətli mövqeyə vadar edir:

"Bununla belə, həmin şəxslərin fəaliyyətinə diqqət etsək, görərik ki, onların böyük hissəsi Azərbaycan xalqına qarşı cinayətlər törətmiş və revanşizmi açıq şəkildə təbliğ edən adamlardır. Təbii ki, bu cür qrupların fəallaşması Paşinyanın hakimiyyəti üçün ciddi təhlükə yaradır. Məncə, baş verənlər fonunda Paşinyan “real Ermənistan konsepsiyası” çərçivəsində daha prinsipial və konkret mövqe sərgiləməlidir".

Analitik qeyd edib ki, Aİ-nin fərqli yanaşmaları onun insan haqlarını siyasi alət kimi istifadə etdiyini göstərir:


"Avropa İttifaqı ilə münasibətlərin genişlənməsi və ikitərəfli sənədin qəbuluna gəlincə, bu sənəd kifayət qədər mübahisəli və çoxlu suallar doğuran bir mətn təsiri bağışlayır. Burada Aİ-nin ikili standartları açıq görünür. Bir tərəfdən Avropa İttifaqının institutları Ermənistanda baş verən repressiyalar qarşısında susqunluq nümayiş etdirir. Digər tərəfdən isə Gürcüstanda və ya Azərbaycanda ən kiçik bir hadisəyə görə əsassız hay-küy qaldırır, ideoloji kampaniyalar aparır, milçəyi filə çevirirlər. Bu, göstərir ki, “insan haqları” və “demokratik dəyərlər” Avropanın əlində çox vaxt siyasi manipulyasiya alətinə çevrilir".

Ekspert vurğulayıb ki, sənəd əsas regional məsələləri kənarda qoyub, əksinə, militarizmi gücləndirən yanaşma sərgiləyir:

"Ermənistan–Aİ sənədinin məzmunu da bunun bariz nümunəsidir. Sənəddə Zəngəzur dəhlizi kimi region üçün həyati önəm daşıyan məsələdən bircə kəlmə belə bəhs olunmur. Halbuki Avropa ölkələrinin özləri bu dəhlizlə maraqlıdır, amma rəsmi Brüssel bunu sənədə salmaqdan çəkinir. Eyni şəkildə, Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlının öz doğma yurdlarına qayıdış hüququ barədə sənəddə heç nə göstərilmir. Əvəzində isə militarizm ruhunu qızışdıran yanaşmalar diqqət çəkir. Halbuki Cənubi Qafqaz artıq militarizmin ağır mirasından qurtulmaq mərhələsinə qədəm qoyub".

Politoloq, həmçinin bildirib ki, Azərbaycan bu proseslərin hamısını diqqətlə izləyir:

"Biz öz təhlükəsizliyimiz, ərazi bütövlüyümüz və vətəndaşlarımızın təbii hüquqları ilə bağlı məsələlərdə heç bir kompromisə getməyəcəyik. Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi halda, rəsmi Bakının mövqeyinin təhrif edilməsi, Ermənistana isə əsassız üstünlüklərin verilməsi qəbuledilməzdir".

T.Abbasov əlavə edib ki, Azərbaycan dialoqa sadiqdir və danışıqları “göz bəbəyi kimi” qorumağa çalışır. Üçüncü tərəflərin müdaxiləsi isə prosesi çətinləşdirir, həll etmir. Biz həm Ermənistanı, həm də Qərb aktorlarını regionun gələcəyinə ziyan vuracaq addımlardan çəkinməyə çağırırıq ki, real sülhə yönəlsinlər.

Ekspert sonda əlavə edib ki, Azərbaycanın əsas çağırışı Ermənistanın kənar təsirlərin fitvasına uymaması, bölgəni yeni təxribatlara sürükləməməsi və real sülhün bərqərar olması üçün üzərinə düşən məsuliyyəti dərk etməsidir. 

Jalə Rövşən

TodayPress TV

tag: Tofiq Abbasov,Politoloq,Paşinyan,Müharibə,Todaypress.tv,