"Sülh pəncərəsi"nə QIFIL...— Kreml qış strategiyasına keçir
Təhlil
03.12.2025 17:49
“Rusiya Prezidenti Vladimir Putin artıq ikinci gündür ki, müharibəni bitirmək planının olmadığını göstərən açıqlamalar verir”.
Bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa "X" hesabında yazıb.
“Dünən o bütün qışı döyüşməyə hazır olduğunu söylədi. Bu gün isə o, dəniz limanlarını və naviqasiya azadlığını təhdid edir. Təhdidlər, əsasən, Odessaya yönəlib. Rusiya başlatdığı qan tökülməsinə son qoymalıdır. Əgər bu baş verməsə və Putin yenidən dünyanın üzünə tüpürsə, nəticələr eyni olacaq. Rusiya bunu dayandırmalıdır”, - Sibiqa yazıb.
O əlavə edib ki, Ukrayna Ukraynaya ədalətli sülh gətirə biləcək bütün səyləri tam dəstəkləyir.
Sözügedən məsələni TodayPress TV-şərh edən politoloq Anar İsayev Moskvanın müharibəni bitirmək istəməməsinin bir neçə strateji, siyasi və hərbi səbəbini açıqlayıb:

“Əvvəla onu qeyd edim ki, Rusiya sahədə hərbi üstünlüyü maksimuma çatdırmaq istəyir. Belə ki, 2024–2025-ci illərdə Rusiya Donbas və Cənub istiqamətində nisbətən irəliləyiş əldə edib. Kreml hesab edir ki, indi dayansalar, əldə etdiklərini təsdiqlətmək çətin olacaq. Ona görə də Putin “qışı döyüşməklə keçirmək”dən danışır.
Həmçinin Rusiya Ukraynanın müqavimət iradəsini və resurslarını sındırmağa çalışır. Kreml düşünür ki, Qərbin Ukraynaya yardımı azala bilər, Avropada siyasi parçalanma yaranır. Bu fonda döyüşləri davam etdirməklə Kiyevi məcbur etmək istəyirlər ki, Moskvanın diktə etdiyi şərtlərlə danışıqlara gəlsin”.
Digər səbəb kimi ekspert Rusiyanın daxili siyasi sistemi üçün “yarımçıq qələbə”nin təhlükəli olduğunu deyib:
“Putin 2024 seçkilərindən sonra legitimliyini “tarixi missiya” narrativi üzərində qurur: Donbası “geri qaytarmaq”, Qara dənizdə nəzarəti saxlamaq, NATO-nun genişlənməsinə müqavimət göstərmək. Müharibəni yarımçıq bitirmək daxildə zəiflik kimi görünər, bu isə Kremlin istəmədiyi bir siqnaldır.
Kreml həm də Qərbin “yorulma sindromu”na ümid edir. Putin hesab edir ki, zaman keçdikcə Avropada iqtisadi çətinliklər, ABŞ-də siyasi bölünmə Ukraynaya dəstəyi zəiflədəcək. Bu da Rusiyanın gözlədiyi “strateji fürsət pəncərəsi”ni daha real edir”.
A.İsayev Rusiyanın hansı halda müharibəni bitirə biləcəyini izah edib:
“Putin üçün müharibəni bitirmək yalnız qabaqcadan müəyyən etdiyi hədəflərin ən azı 60–70%-nə nail olandan sonra mümkündür. Rusiya ən azı işğal etdiyi Donetsk, Luqansk, Zaporojye, Xerson ərazilərinin rəsmən tanınmasını istəyir. Kiyev hazırda bunu qəbul etmir, ona görə danışıqlar dalana dirənir.
Həmçinin Rusiya Ukraynanın NATO-ya girməyəcəyinə dair zəmanət istəyir. Kreml NATO məsələsini minimal şərt sayır. Rusiya yalnız Ukrayna “neytral statusu”na razı olarsa, kompromisə gedə bilər.
Digər məsələ, Moskva ən azından enerji, maliyyə, yüksək texnologiya sanksiyalarında yüngülləşmə gözləyir. Bunlar olmadan Kreml sülhün özləri üçün iqtisadi qazanc gətirəcəyinə inanmır.
Son olaraq Rusiya daxilində iqtisadi vəziyyət ağırlaşarsa və ya elita qrupu parçalanarsa, Putin danışıqlara daha açıq ola bilər”.
Analitik sonda əlavə edib ki, Moskva yalnız tam da olmasa, qismən məqsədlərinə nail olduqda və ya Ukrayna və Qərb danışıqlarda güzəşt təklif etdikdə sülhə razılaşa bilər.
Qiymət Mahir
tag: Rusiya,Ukrayna,Donbas,Anar İsayev,Todaypress.tv,
