Tehrandan SİQNAL: Ermənipərəst səfirin ritorikası niyə dəyişdi?
Təhlil
01.07.2025 17:45
“İranın Azərbaycana qarşı mövqeyi real şəkildə dəyişir. Xoş münasibət qurmağa çalışır”.
Politoloq Akif Nağı bunu TodayPress TV-yə danışarkən deyib.
O, İranın Ermənistandakı səfirinin son açıqlamasını belə şərh edib:
“İranın Ermənistandakı səfiri Mehdi Sobhani hər zaman ermənidən daha çox erməni kimi davranıb. Onun mövqeyi çox vaxt rəsmi İranın mövqeyindən fərqlənib. Son açıqlamasında ritorikasını yumşaltması onu göstərir ki, bütövlükdə İranın Azərbaycana qarşı mövqeyi real şəkildə dəyişir. İndiyə qədər İranın siyasi və dini rəhbərliyi başqa, səfirləri başqa mövqe ortaya qoyurdular. Görünür ki, artıq İran Azərbaycana qarşı hansısa təzyiqin mənasız olduğunu görəndən sonra real siyasətə üstünlük verir. İran-İsrail münaqişəsi zamanı İran rəsmiləri, ekspertləri və başqaları Azərbaycana qarşı olmazın iftiralar yaydılar ki, guya Azərbaycan ərazisindən İsrail dronları qalxır və s. Amma sonda Azərbaycan onlara başa sala bildi ki, bu müharibədə iştirak etmiş olsaydı, onlar üçün həddindən artıq pis olardı. Azərbaycan tərəfsiz qaldı. Bunu başa düşərək real münasibətlər qurmağa çalışırlar. Ermənipərəst səfir də Tehrandan gələn rəsmi mövqeni müdafiə etməlidir”.
Ekspert qeyd edib ki, xoş münasibətlərin qurulması hər iki dövlətin maraqlarına, həmçinin regionda sabitlik üçün uyğundur:
“Normallaşma prosesləri davam edəcəksə, bu, hər iki dövlətin xeyrinə olacaq, etməyəcəksə, Azərbaycan yenidən öz sərt mövqeyini ortaya qoyacaq. Xarici qüvvələr İrana təsir etməsələr, ehtimal edirəm ki, xoş münasibətlər davam edəcək”.
Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani əvvəlcə Azərbaycanın ərazisindən İrana dron hücumları təşkil edildiyini iddia etmişdi. Son açıqlamasında isə rəsmi sübutun olmadığını deyərək ritorikasını yumşaldıb və bildirib ki, Bakı Tehrana ərazisinin istifadə edilməyəcəyinə dair təminat verib.
Qiymət Mahir
tag: Akif Nağı,Politoloq,Azərbaycan,İran,Todaypress.tv,
