Tənzilə Rüstəmxanlı: "İranda yaşayan Azərbaycan türkləri başqa ölkələrə qaçmamalıdırlar"
Təhlil
18.06.2025 17:03
“Sərhədlərin bağlı qalması Azərbaycanın təhlükəsizliyi üçün vaxtında atılmış addımdır”.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bunu TodayPress TV-yə danışarkən bildirib.
O hesab edir ki, Azərbaycanın sərhədlərinin bağlı qalması dövlətin təhlükəsizlik maraqları baxımından tamamilə əsaslandırılmış və strateji cəhətdən doğru qərardır.
“Sərhədlərimizin uzun müddət bağlı qalması təkcə Qarabağ münaqişəsi kontekstində deyil, ümumilikdə Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Bugünkü regional proseslər də göstərir ki, bu qərar vaxtında və çox düzgün şəkildə verilib”, – deyə deputat bildirib.
Millət vəkilinin fikrincə, Azərbaycanın yerləşdiyi region – İran, Rusiya, İsrail və digər ölkələrin təsir dairəsinin kəsişdiyi həssas bir zonadır. Belə bir şəraitdə Azərbaycanın minimum itkilərlə bu gərginlikdən çıxması üçün sərhəd siyasəti ehtiyatla yürüdülməlidir.
Deputat əlavə edib ki, sərhədlərin bağlı qalması yalnız təhlükəsizlik məqsədi daşımır, eyni zamanda əhalinin kütləvi axınının qarşısını almağa da xidmət edir:
“Mən heç bir dövlətin parçalanmasını istəmirəm. Yox, əgər bu baş verəcəksə, İranda yaşayan 30 milyona yaxın Azərbaycan türkü orada qalıb, öz müqəddəratını müəyyən etməlidir. Başqa ölkələrə qaçıb getməməlidirlər".
Parlamentari sərhədlərin açılması məsələsinə ehtiyatla yanaşaraq bu qərarın yaxın gələcəkdə yox, daha uzaq perspektivdə müzakirə mövzusu ola biləcəyini də bildirib:
“Hazırkı şəraitdə sərhədlərin açılması Azərbaycan dövlətinin təhlükəsizliyinə xidmət etməz. Bu, gələcəyin məsələsidir”.
Qeyd edək ki, Azərbaycan 2020-ci ilin mart ayından etibarən COVID-19 pandemiyası səbəbi ilə quru sərhədlərini bağlayıb və bu məhdudiyyətlər 2025-ci ilin iyul ayına qədər uzadılıb.
Töhfə Səməd
tag: Tənzilə Rüstəmxanlı,Deputat,İran,Vətəndaşlar,Todaypress.tv,