"Bir pəncərə": Quru sərhədlərin açılmasında yeni təklif

Təhlil

23.10.2025 12:17

2020-ci ildən bəri Azərbaycanın quru sərhədləri bağlı qalır. 

Pandemiya ilə əsaslandırılan bu qərar indi təhlükəsizlik prioriteti kimi davam edir. 

Baş nazir Əli Əsədovun qərarı ilə, xüsusi karantin rejimi gələn ilin yanvarınadək uzadılıb.

Gürcüstan tərəfi Bakı–Tiflis qatarlarının bərpasını və “bir pəncərə” sərhəd-keçid məntəqələrinin yaradılmasını təklif etsə də, rəsmi Bakı bu təşəbbüslərə hələlik reaksiya verməyib.

Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili bildirib ki, bu layihə prosedurların sadələşdirilməsini və infrastrukturun modernləşdirilməsini nəzərdə tutur. 

O, Azərbaycan, Türkiyə və Ermənistanla sərhədlərə qədər yolların tamamlanmasının, eləcə də Orta Dəhlizin inkişafı üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb.

Beləliklə, sərhədlərin açılması istiqamətində Gürcüstanın fəallığına baxmayaraq, Bakı hələlik səssiz qalır.

Azərbaycan “Bir pəncərə” sərhəd-keçid məntəqəsini qəbul etməlidirmi və bu məsələ gözlənilən nəticəni verə bilərmi? 

Sözügedən mövzunu TodayPress TV-yə şərh edən politoloq Əli Zülfüqaroğlu bildirib ki, Zəngəzur dəhlizinin açılması regionda yeni münasibətlər sisteminin formalaşması ilə birlikdə Orta Dəhliz ticari, iqtisadi və siyasi baxımdan tamamilə yeni vəziyyət yaradır:

"Bu, gömrük və sərhəd nəzarəti baxımından da mühüm əhəmiyyət kəsb edir. Ermənistanla münasibətlərimizin xarakteri məlumdur. Təhlükəsizliyin təmin edilməsi üçün asanlaşdırılmış bir rejimə keçmək məqsədilə yüksək texnoloji nailiyyətlərdən istifadə etmək vacibdir. Bu baxımdan, Orta Dəhliz həm işləkliliyi artırmaq, həm sürətli, faydalı və effektiv bir mexanizm formalaşdırmaq üçün sərhəd keçid məntəqələrinin rəqəmsal asanlaşdırılmasını və yükdaşımaların sadələşdirilməsini nəzərdə tutur. Nəticədə isə Cənubi Qafqazda Avropa İttifaqına bənzər bir model tətbiq edilə bilər".

Ekspert qeyd edib ki, bu, bütün region ölkələri üçün faydalı ola bilər:

"Qafqazda vahid iqtisadi-ticarət məkanının yaradılması və dəhlizlərin açılması bütün ölkələrin faydalana biləcəyi imkanlar yarada bilər. Azərbaycanın sərhədlərinin bağlı qalmasının əsas səbəblərindən biri təhlükəsizlikdir. İran və Rusiya arasında yaranan geosiyasi vəziyyət normallaşdıqca, Azərbaycan da quru sərhədlərini açacaq. Gürcüstanda çox sayda soydaşımız yaşayır. Orta Dəhlizin bir qolu Bakı–Tiflis–Qars yolu ilə Türkiyəyə gedir. Ermənistanı da bu sistemə daxil etməklə, Cənubi Qafqazda “asanlaşdırılmış pəncərə” yaradıla bilər ki, bu da üç ölkənin maraqlarına xidmət edər. Bu sistem həm malların dövriyyəsini asanlaşdırar, həm ortaq maraqlara xidmət edər, həm də ölkələr arasında yaxınlığı gücləndirər. Yəqin ki, təhlükəsizlik təhdidləri aradan qalxdıqdan sonra sərhəd-keçid məntəqələrinin açılması həyata keçiriləcək".

Jalə Rövşən 

TodayPress TV

tag: Əli Zülfüqaroğlu,Siyasi şərhçi,Azərbaycan,Sərhədlər,Todaypress.tv,

photo