210 milyard avro Avropanı bölür: Almaniya ilə Fransa ÜZ-ÜZƏ
Təhlil
22.12.2025 17:29
Avropa İttifaqında (Aİ) Almaniya ilə Fransa arasında ənənəvi liderlik balansının pozulduğu müşahidə olunur.
“Financial Times” qəzetinin yazdığına görə, Almaniya kansleri Fridrix Merts Rusiyanın dondurulmuş 210 milyard avroluq aktivlərinin Ukraynaya yardım üçün istifadəsini müdafiə etsə də, Fransa prezidenti Emmanuel Makronun pərdəarxası etirazı bu təşəbbüsün qarşısını alıb.

Fransa bu addımın hüquqi və maliyyə riskləri yaratdığını əsas gətirib, Belçika və İtaliya da bu mövqeyi dəstəkləyib. Nəticədə Almaniyanın Aİ daxilində artan iddial xətti Fransa ilə siyasi ziddiyyətləri daha da dərinləşdirib.
Maraqlıdır, Almaniyanın Aİ daxilində artan liderlik iddiaları və Fransa tərəfindən bu təşəbbüslərin bloklanması Avropa İttifaqında qərarvermə mexanizmlərinin gələcəyinə necə təsir göstərə bilər və bu proses Almaniya–Fransa strateji tandeminin zəifləməsi ilə nəticələnə bilərmi?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Tural İsmayılov bildirib ki, Avropa İttifaqının son zirvə sammitində baş verən proseslər Almaniya ilə Fransa arasında ənənəvi liderlik balansının ciddi şəkildə sarsıldığını və Avropanın qərarvermə mexanizmlərində struktural dəyişikliklərin qaçılmaz olduğunu göstərir:

“Almaniya Kansleri Fridrix Mertsin Rusiyanın dondurulmuş 210 milyard avroluq aktivlərinin Ukraynaya yardım üçün istifadəsi təşəbbüsünü açıq şəkildə müdafiə etməsi, lakin bu planın Fransa prezidenti Emmanuel Makronun pərdəarxası etirazı ilə bloklanması Avropa siyasətində yeni reallığı üzə çıxardı. Bu hadisə Almaniya–Fransa strateji tandeminin artıq əvvəlki kimi işləmədiyini açıq şəkildə göstərir”.

Politoloq qeyd edib ki, Brüsseldə uzun və gərgin müzakirələrdən sonra dondurulmuş Rusiya aktivlərindən istifadə planından imtina edilməsi və bunun əvəzinə birgə borclanma yolu ilə faizsiz kredit mexanizminin seçilməsi Avropa İttifaqının konsensus əldə etməkdə nə qədər çətinlik çəkdiyini nümayiş etdirir:
“Bu qərar Ukraynanın qısamüddətli maliyyə ehtiyaclarını qarşılasa da, eyni zamanda Avropa İttifaqında strateji liderliyin zəiflədiyini və qərarların getdikcə kompromis əsasında, amma daha az effektiv formada qəbul edildiyini ortaya qoyur”.
Tural İsmayılovun sözlərinə görə, Almaniyanın son dövrdə müdafiə siyasətində atdığı addımlar Berlinin Avropada aparıcı güc kimi çıxış etmək istəyini açıq şəkildə nümayiş etdirir:

“Berlin müdafiə xərcləri ilə bağlı konstitusiya məhdudiyyətlərini aradan qaldıraraq ÜDM-in əhəmiyyətli hissəsini hərbi sahəyə yönəltməyə hazırlaşır. Merts Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım paketi təqdim etməklə, o cümlədən uzaqmənzilli raketlər verməklə, sələfindən daha qəti mövqe nümayiş etdirir. Bu isə Fransa ilə münasibətlərdə əlavə gərginlik yaradır”.
Ekspert vurğulayıb ki, Fransa tərəfinin Almaniya təşəbbüsünü bloklaması Makronun ikili yanaşmasını üzə çıxarır:
“Paris son ana qədər açıq şəkildə Almaniyanın planına qarşı çıxmadı, lakin pərdəarxasında etiraz edərək təşəbbüsün uğursuzluğa düçar olmasına səbəb oldu. Bu mövqenin arxasında hüquqi və maliyyə riskləri dayanır. Dondurulmuş aktivlərin əsas hissəsinin Belçikada saxlanılması və mümkün kompensasiya riskləri Fransa, İtaliya və Bolqarıstan kimi ölkələri ehtiyatlı davranmağa vadar etdi”.
Politoloqun fikrincə, bu proseslər Avropa İttifaqında vahid mövqenin formalaşdırılmasının nə qədər çətin olduğunu bir daha təsdiqləyir:
“Hər bir üzv dövlət öz milli maraqlarını ön plana çəkir və bu, Avropa İttifaqını klassik konsensus modelindən uzaqlaşdırır. Nəticədə qərarvermə prosesi həm ləngiyir, həm də daha parçalanmış xarakter alır”.
Tural İsmayılov əlavə edib ki, Almaniya–Fransa strateji tandeminin gələcəyi ilə bağlı ciddi suallar yaranır:
“Tarixən Avropa İttifaqının mühərriki olan bu iki ölkə arasında balansın pozulması bütövlükdə birliyin qərarvermə qabiliyyətinə təsir edir. Merts və Makron arasında formal əməkdaşlıq davam etsə də, enerji siyasəti, müdafiə büdcələri və Rusiya ilə münasibətlər məsələsində dərin fikir ayrılıqları qalmaqdadır”.
Ekspert Fransadakı daxili siyasi böhranın vəziyyəti daha da ağırlaşdırdığını bildirib:

“Makronun növbədənkənar seçkilər çağırması daxili siyasi sabitliyi zəiflətdi. Bu isə Almaniya ilə birgə həyata keçirilən böyük Avropa layihələrinin ləngiməsi riskini artırır. Parisdəki siyasi iflic Berlin üçün etibarlı və qərar qəbul edə bilən tərəfdaşın müvəqqəti itirilməsi deməkdir”.
Politoloqun qənaətinə görə, Avropa İttifaqında qərarvermənin gələcəyi bir neçə ssenari üzrə inkişaf edə bilər:
“Almaniyanın tək lider kimi çıxış etməsi real görünmür, çünki Fransanın siyasi çəkisi olmadan bu model işlək deyil. Digər variant Şərqi Avropa ölkələrinin də cəlb edildiyi daha geniş liderlik formatıdır ki, bu da konsensusu daha da çətinləşdirə bilər. Ən real ssenari Almaniya–Fransa tandeminin yenilənməsi və digər ölkələrlə daha sıx əməkdaşlıqdır”.
Sonda Tural İsmayılov vurğulayıb ki, bu tandemin tam süqutu real olmasa da, liderlik modelinin transformasiyası qaçılmazdır:
“Avropa qlobal rəqabət, təhlükəsizlik təhdidləri və iqtisadi çətinliklər fonunda funksional Almaniya–Fransa əməkdaşlığına ciddi şəkildə ehtiyac duyur. Bu əməkdaşlığın zəifləməsi isə Avropa İttifaqının geosiyasi çəkisini əhəmiyyətli dərəcədə azalda bilər”.
Qiymət Mahir
tag: Tural İsmayılov,Politoloq,Almaniya,Fransa,Todaypress.tv,
