Bakı görüşü: İsrail Suriyaya “Misir modeli”ni təklif edir
Təhlil
17.09.2025 15:42
Gələn həftə Bakıda Suriya ilə İsrail arasında təhlükəsizlik görüşü keçiriləcək. İsrail qarşı tərəfə Misirlə 1979-cu ildə imzalanmış sülh müqaviləsi modelinə əsaslanan razılaşma təklif edib.
TodayPress TV xəbər verir ki, təklifə görə, Dəməşqin cənub-qərb bölgəsi Suriya qoşunları və hava qüvvələrinin fəaliyyətinə məhdudiyyət qoyulmaqla üç zonaya bölünəcək.
Bufer zona Suriyanın ərazisinə doğru 2 kilometr genişləndiriləcək, İsraillə sərhəddə isə qoşunların və ağır silahların yerləşdirilməsi qadağan ediləcək.
Bunun müqabilində İsrail Hermon dağı istisna olmaqla, qoşunların mərhələli şəkildə çıxarılmasına hazır olduğunu, eyni zamanda potensial zərbələr üçün İrana hava dəhlizinin saxlanılmasını təklif edir.
İsrailin Suriyaya təklif etdiyi bu razılaşma modeli regional balansa necə təsir edəcək?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Azər Qasımov bildirib ki, Suriyada hakimiyyət dəyişikliyi və bunun ardınca yaranan siyasi boşluq, yeni hakimiyyətin hələ zəif olması fonunda İsrailin təklif etdiyi razılaşma modelini Suriya üçün ən məqbul variant kimi dəyərləndirmək olar.
Onun sözlərinə görə, ölkənin parçalanma riski ilə üz-üzə qaldığı bir dövrdə bu təşəbbüs Suriyanın bölünməsinin qarşısını alan addım kimi görünür.
“Şübhəsiz ki, İsrail bu razılaşmada həm Suriyanın ərazi bütövlüyünün qarantı rolunda çıxış edir, həm də öz maraqlarını təmin etməyə çalışır. İranın nəzarətdə saxlanılması üçün dəhliz məsələsində isə Suriya hakimiyyətinin də maraqlı olması gözləniləndir. Çünki İranın hazırkı Dəməşq rəhbərliyinə qarşı mövqeyi aydındır. Belə şəraitdə İsrailin Suriya hava məkanından istifadə edərək İrana zərbə endirmək imkanı həm də Tehran üçün çəkindirici faktor ola bilər”, - deyə ekspert bildirib.
A.Qasımov hesab edir ki, Misirin vaxtilə buna bənzər razılaşmanı imzaladığı halda Suriyanın bu addımdan imtina etməsi tarixi səhv olar:
“Əksinə, belə bir sənəd bölgədə geosiyasi balansı sabitləşdirə, həm Suriya, həm də İsrailə özünü daha təhlükəsiz hiss etməyə şərait yarada bilər. Xüsusən də ABŞ-nin Suriyanın yeni hakimiyyətinə loyallığı fonunda bu razılaşma region üçün əhəmiyyətli sabitlik təmin edə bilər”.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,İsrail,Suriya,Todaypress.tv,