ABŞ-nin Mərkəzi Asiya addımı: Güclərin səssiz savaşı Türk dünyasına nə vəd edir?

Təhlil

27.10.2025 13:05

ABŞ lideri Donald Tramp Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və digər Orta Asiya ölkələrinin liderlərinə 6 noyabrda Vaşinqtonda keçiriləcək C5+1 sammitinə dəvət göndərib. 

İlk belə sammit iki il əvvəl baş tutub.  

Maraqlıdır, Trampın Orta Asiya liderlərini Vaşinqtona dəvət etməsinin əsas məqsədi nədir və bu təşəbbüslə ABŞ regionda hansı siyasi və iqtisadi maraqları güdür?  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Taleh Əliyev bildirib ki, Mərkəzi Asiya dövlətləri ilə dünyanın qlobal gücləri arasında keçirilən bu tip sammitlər artıq ənənə halını alıb:  

"Bildiyiniz kimi, bundan əvvəl ABŞ ilə birgə Mərkəzi Asiyada keçirilən tədbirə Azərbaycan da dəvət olunmuşdu. Oxşar formatda görüşlər Çinlə, Avropa İttifaqı ilə  Mərkəzi Asiya dövlətləri arasında da təşkil olunub. Bütün bunlar böyük güclərin region uğrunda mübarizəsinin bariz göstəricisidir. Lakin burada önəmli məqam ondan ibarətdir ki, tərəflər region uğrunda bir-birilə savaşmır, əksinə, region dövlətlərini real faktor kimi qəbul edir və öz liderlik mövqelərini sübut edərək Mərkəzi Asiyada söz sahibi olmaq istəyirlər".

Analitik qeyd edib ki, bu sammitdən böyük gözləntilər var: 

"Növbəti toplantının ABŞ-də keçirilməsi və bu məqsədlə Prezident Donald Trampın region dövlətlərinin liderlərinə dəvət məktubu göndərməsi onu göstərir ki, bu dəfəki sammitdə daha çox strateji əhəmiyyət daşıyan sənədlərin imzalanması planlaşdırılır. Bu da ABŞ-nin regionla əməkdaşlıqda digər güclərlə müqayisədə bir addım öndə olmasını təmin etməyə hesablanıb".

Politoloqun sözlərinə görə, proses Türk Dövlətləri Təşkilatına təsirsiz ötüşməyəcək:

"Hesab edirəm ki, ABŞ-nin Mərkəzi Asiya dövlətləri ilə strateji əməkdaşlığı həm Türk Dövlətləri Təşkilatının güclənməsinə, həm də Azərbaycanın milli maraqlarına cavab verən bir əməkdaşlıq formatıdır. Çünki Azərbaycan özü də son zamanlar ABŞ ilə daha dərin əməkdaşlığa üstünlük verir. Bildiyiniz kimi, 8 avqustda Vaşinqtonda keçirilən görüş zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində bir yol xəritəsi müəyyən edilib".

Ekspert əlavə edib ki, ümumilikdə Türk dövlətlərinin güclənməsi baxımından Mərkəzi Asiya ölkələrinin ABŞ kimi dünya gücləri ilə qarşılıqlı əlaqələrinin olması son dərəcə önəmlidir.

Jalə Rövşən 

TodayPress TV

tag: Taleh Əliyev,Siyasi şərhçi,ABŞ,Mərkəzi Asiya,Todaypress.tv,

photo