Cənubi Koreya və ABŞ bir cəbhədə: Hərbi təlimlər hansı ölkəri narahat edir?
Təhlil
07.08.2025 16:35
“Cənubi Koreyada ABŞ ilə birgə keçirilən genişmiqyaslı hərbi təlimlər həm Çinə, həm də Rusiyaya qarşı güc nümayişidir”.
Politoloq Əhəd Məmmədli bunu TodayPress TV-yə danışarkən bildirib.
O vurğulayıb ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya və Cənubi Koreya ABŞ-nin Uzaq Şərqdəki əsas strateji müttəfiqlərinə çevrilib:
“Müharibədən sonra Yaponiya və Cənubi Koreya müstəqil xarici siyasət həyata keçirmir. Hər iki ölkədə Amerika hərbi bazaları yerləşdirilib. Ordu quruculuğu, silahlanma və digər təhlükəsizlik məsələləri ABŞ-nin ciddi nəzarəti altındadır”.
Analitik diqqətə çatdırıb ki, bu ölkələr iqtisadi və sosial cəhətdən inkişaf etmiş olsalar da, suverenlik baxımından müəyyən məhdudiyyətlərlə üzləşirlər. Onun sözlərinə görə, həm Cənubi Koreya ordusu, həm də Yaponiya Silahlı Qüvvələri dünyanın ən güclü və texnoloji cəhətdən təchiz olunmuş orduları sırasındadır.
Politoloq əlavə edib ki, bölgədə baş verən proseslər Rusiya və Şimali Koreyaya qarşı yönəlmiş ola bilər:
“Bu təlimlər, eyni zamanda, Rusiya və onun müttəfiqi olan Şimali Koreyaya qarşı mesaj xarakteri daşıyır. Rusiya, Çin və Şimali Koreya müəyyən mənada eyni cəbhədə yer alırlar. Son günlərdə bir çox ərazilərdə ABŞ-nin hərbi təlimlər keçirməsi və sanksiyaları fonunda bu heç də təəccüblü deyil”.
Qeyd edək ki, yaxın tarixlərdə Cənubi Koreya və ABŞ arasında real təhlükələri əhatə edən genişmiqyaslı birgə hərbi təlimlər keçiriləcək. Hər iki ölkənin nümayəndələri bildiriblər ki, bu təlimlərin məqsədi müttəfiq qüvvələrin bütün sahələrdə döyüş hazırlığını artırmaqdır.
Aysel Mətləb
tag: Əhəd Məmmədli,Politoloq,ABŞ,Cənubi Koreya,Todaypress.tv,
