Azərbaycan ŞƏT-də yaradılan vahid statusda yer aldı: - Əhəmiyyəti nədir?
Təhlil
01.09.2025 16:58
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son toplantısında “ŞƏT tərəfdaşı” adlı vahid status yaradılıb. Azərbaycan da bu statusu əldə edən ölkələr sırasına daxil olub.
Milli Məclisin deputatı Aydın Hüseynov mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, bu qərar ölkəmiz üçün sadəcə diplomatik addım deyil, eyni zamanda strateji əhəmiyyət daşıyan hadisədir.
Onun sözlərinə görə, Azərbaycan bu statusla təhlükəsizlik sahəsində terrorizmə, separatizmə və beynəlxalq cinayətkarlığa qarşı mübarizədə daha geniş əməkdaşlıq imkanı qazanacaq.
"İqtisadi planda isə ticarət, enerji və nəqliyyat dəhlizlərində yeni layihələrin reallaşması, sərmayə axınının artması gözlənilir. Azərbaycanın tranzit imkanlarının genişlənməsi də xüsusi önəm daşıyır. "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz üçün ŞƏT çərçivəsində əməkdaşlıq nəqliyyat-logistika potensialından maksimum istifadə imkanı yaradacaq".
Deputat onu da bildirib ki, diplomatik baxımdan Çin, Rusiya, Hindistan kimi böyük dövlətlərlə əməkdaşlığın dərinləşməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artması və regional lider mövqelərinin möhkəmlənməsi gözlənilir.
"Bütövlükdə, Azərbaycanın ŞƏT-də “tərəfdaş” statusu qazanması ölkəmizin siyasi nüfuzunu artırmaqla yanaşı, iqtisadi inkişafına və yeni investisiyaların cəlbinə mühüm töhfə verəcək. Bu qərar gələcəkdə Azərbaycanın təşkilatda “müşahidəçi” və hətta “tam üzv” statusuna doğru irəliləməsi üçün də strateji zəmin hesab edilir", - deyə Aydın Hüseynov fikrini yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Şanxay,ŞƏT,Azərbaycan,Açıqlama,Todaypress.tv,