Azərbaycan bölgədə liderliyə hazır olmalıdır – RƏY
Təhlil
16.06.2025 17:13
“Azərbaycan nüvə silahından daha çox bölgədə liderlik üçün hazır olmalıdır”.
Politoloq Natiq Miri bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, hazırkı şəraitdə Azərbaycanın nüvə silahına sahib olmaq prioriteti yoxdur və bu məsələ rəsmi siyasətdə strateji xətt kimi nəzərdə tutulmur.
"İranın mövcud rejimi qarşıdurma nəticəsində zəifləyə və hətta devrilə bilər. Belə bir ssenaridə 40 milyonluq türk toplumunun, xüsusilə Azərbaycan türklərinin mövqeyi və iştirakı olmadan bölgədə yeni nizam qurmaq mümkün deyil. Ona görə də biz nüvə gücünə sahib olmaq əvəzinə, bu tarixi şansı dəyərləndirməyə hazır olmalıyıq”.
Analitikin fikrincə, İsrail və ABŞ-nin İranın nüvə infrastrukturunu tamamilə məhv etməyə yönəlmiş niyyətləri fonunda Tehranın real nüvə silahı əldə etməsi ehtimalı aşağıdır.
Eyni zamanda, İranın bu qarşıdurmadan qalib çıxma perspektivi də real görünmür. Bu mənada, Azərbaycanın əsas diqqəti qarşıdurmadan sonra bölgədə yaranacaq yeni siyasi düzənə yönəlməlidir. Hazırda həm Azərbaycan, həm də Türkiyə bu dəyişikliklərə hərbi və diplomatik baxımdan hazırlaşmalıdır.
Politoloq, Türkiyə və ABŞ liderləri arasında aparılan intensiv danışıqları və Azərbaycanın da İsrail-İran münaqişəsinin diplomatik arxa planında aktiv iştirakını bunun əlaməti kimi dəyərləndirib.
"İran daxilindəki türk toplumunun silahlı qüvvələri yoxdur. Buna qarşı isə müxtəlif dairələr tərəfindən silahlandırılmış PKK elementləri mövcuddur. Bu balanssızlıq gələcək üçün təhlükəli ola bilər. Əgər gələcəkdə İranın gələcəyi ilə bağlı türklər masada həlledici gücə çevriləcəksə, bu güc təkcə sosial deyil, həm də siyasi və təhlükəsizlik baxımından təmin olunmalıdır".
Natiq Miri sonda bildirib ki, Azərbaycan üçün əsas məsələ təkcə öz sərhədləri daxilində təhlükəsizlik deyil, həm də regionun gələcək siyasi arxitekturasında söz sahibi olmağa hazır olmaqdır. Bu baxımdan, nüvə silahı düşüncəsi gündəmin əsas mövzusu olmamalıdır. Əvəzində, Azərbaycanın regional liderliyə və tarixi məsuliyyətə hazır olması əsas strateji prioritet kimi görünür.
Töhfə Səməd
tag: Natiq Miri ,Politoloq,Azərbaycan,Liderlik,Todaypress.tv,
