Trampdan Çinə sərt eyham: Tayvanla bağlı suallar niyə "havada qalır"?
Təhlil
03.11.2025 15:03
ABŞ Prezidenti Donald Tramp “CBS News”a müsahibəsində Tayvanla bağlı sualı cavabsız qoyaraq, Çinin hərbi addım atacağı halda ABŞ ordusunun müdaxilə edib-etməyəcəyini açıqlamayıb. O bildirib ki, bu məsələ Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdə müzakirə olunmayıb və Çin lideri “nə baş verəcəyini yaxşı anlayır”. Tramp əlavə edib ki, onun prezidentliyi dövründə Çin Tayvana qarşı hərəkət etməyə cəsarət etməyib.

Maraqlıdır, ABŞ-nin Tayvan siyasətində nə dəyişib?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Polad Mehdiyev bildirib ki, Trampın səssizliyi ABŞ-nin Tayvan siyasətini ifşa edir:

"Donald Trampın Tayvanla bağlı sualı cavabsız qoyması, əslində, açıq şəkildə “strateji qeyri-müəyyənlik” mesajıdır. ABŞ uzun illərdir Çinlə münasibətlərdə məhz bu siyasəti yürüdür – yəni Tayvanı rəsmi şəkildə ayrıca dövlət kimi tanımadan, lakin onun təhlükəsizliyinə birbaşa təhdid yaranacağı halda “reaksiya verə biləcəyi” siqnalını qoruyur".
P.Mehdiyev qeyd edib ki, burda həm Pekinə mesaj, həm də Baydenə eyham var:

"Trampın “Çin lideri nə baş verəcəyini yaxşı anlayır” ifadəsi Pekinə dolayı xəbərdarlıq kimi səslənir. O, prezidentliyi dövründə Çin rəhbərliyinin Tayvana qarşı hərbi addım atmağa cəsarət etmədiyini vurğulamaqla həm öz xarici siyasətinin çəkindirici gücünü önə çəkir, həm də keçmiş administrasiyanın – yəni Co Baydenin – Tayvan məsələsində yumşaq davranışına eyham vurur".
Onun sözlərinə görə, ABŞ Tayvanla bağlı sərt xətti qoruyur:
"Bu açıqlama həm ABŞ daxilində siyasi rəqabətin bir hissəsidir, həm də Çinlə münasibətlərdə sərt tonun davam edəcəyini göstərir. Tramp açıq şəkildə deməsə də, bu mövqe ilə Vaşinqtonun Tayvanın təhlükəsizliyinə tam etinasız qalmayacağı mesajını verir".

Ekspert son olaraq əlavə edib ki, Bakı “vahid Çin” mövqeyini dəstəkləyir:
"Qeyd etmək lazımdır ki, Bakı “vahid Çin” prinsipini dəstəkləyir və Tayvan məsələsini Çin Xalq Respublikasının daxili işi kimi qəbul edir. Bu baxımdan, Trampın bəyanatı beynəlxalq münasibətlərdə ABŞ–Çin rəqabətinin yeni mərhələyə keçəcəyinə işarədir. Bununla belə, Azərbaycan üçün əsas prinsip – dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət – dəyişməz qalır".
Jalə Rövşən
tag: Polad Mehdiyev,Siyasi şərhçi,Tramp,Tayvan,Todaypress.tv,
        