Avropada müharibə xaosu: İsveç müharibəyə hazırlaşır?
Təhlil
15.10.2025 17:18
İsveç hökuməti müharibə riski fonunda ölkənin şimalında – Norrbotten, Västerbotten, Västernorrland və Jamtland rayonlarında ehtiyat taxıl anbarları yaratmaq qərarına gəlib.
Layihə üçün 575 milyon İsveç kronu (təxminən 60 milyon dollar) ayrılıb.
Rəsmilərin sözlərinə görə, məqsəd fövqəladə vəziyyətlərdə ərzaq təhlükəsizliyini təmin etməkdir.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Şakir Ağayev bildirib ki, İsveç hökuməti bu prosesə fövqəladə vəziyyətlərdə ərzaq təhlükəsizliyini təmin etmək adını versə də, reallıq fərqlidir:
"Rusiya-Ukrayna müharibəsi çərçivəsində Avropada bir militarist siyasət başladığı məlumdur. Tramp hakimiyyətə gələndən sonra ABŞ NATO-nun qarşısında ümumdaxili məhsulun 5 faizinin hərbiyə xərclənməsi şərtini qoyub və bu, Avropa ölkələrinin sosial proqramlarının azalması çərçivəsində mümkün ola bilər.
İsveç sosial yönümlü dövlət olmaqla yanaşı, NATO-ya yeni qəbul olunub və müharibə fonunda Rusiya ilə münasibətdə daha kəskin mövqe tutur. Hökumət əhalini müharibə ab-havasına hazırlamaq və ictimai rəy yaratmaq məqsədi güdür. Əks təqdirdə, əhali sosial yönümlü proqramların imtinasını qəbul etməz".
Ekspert bildirib ki, NATO dövlətləri yenidən hərbiləşdirmə siyasətini gücləndirib:
"Bunun səbəblərindən biri ABŞ-nin Ukraynaya birbaşa silah verməməsidir. Bayden hakimiyyəti dönəmində bu silahlar pulsuz verilirdisə, Tramp dönəmində NATO Amerikadan silahı pulla alıb Ukraynaya verir. Buna görə də Avropa dövlətləri Rusiyadan müdafiə istiqamətində tədbirlər həyata keçirir. Həm 2027-ci il üçün planlaşdırılan "Dron divarı", həm də silahların alınması müdafiə strategiyasına xidmət edir".
Jalə Rövşən
tag: Şakir Ağayev,Siyasi ekspert,isveç,Silahlanma,Todaypress.tv,
