“Avropa Siyasi Birliyi” sammitləri: Dönüş, yoxsa tıxanma nöqtəsi?
“Avropa Siyasi Birliyi” sammitləri Azərbaycan-Ermənistan münasibətləri üçün həm dönüş, həm də tıxanma nöqtələri yaradıb”.
Politoloq Aydın Quliyev bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, “Avropa Siyasi Birliyi” çərçivəsində keçirilən sammitlər Azərbaycan-Ermənistan münasibətləri tarixində bir sıra mühüm diplomatik məqamların ortaya çıxmasına səbəb olub.
"Ən mühüm dönüş nöqtələrindən biri kimi 2022-ci ilin oktyabrında keçirilən Praqa sammitini diqqətdə saxlamaq lazımdır. Həmin sammit zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu ilk dəfə olaraq beynəlxalq arenada qəbul edib. Bu bəyanat münaqişənin siyasi-hüquqi çərçivədə tənzimlənməsi istiqamətində tarixi bir dönüş yaratdı və sonrakı proseslərin dinamikasını köklü şəkildə dəyişdi".
Analitik diqqətə çatdırıb ki, həmin böyük uğura baxmayaraq, növbəti sammitlər eyni nəticəni verməyib.
Məsələn, 2023-cü ilin oktyabrında keçirilən Qranada sammitində Prezident İlham Əliyev iştirakdan imtina edib, səbəb kimi isə Fransa lideri Emmanuel Makronun Azərbaycana qarşı apardığı anti kampaniyalar göstərilib. Azərbaycan rəhbərliyi Makronun qərəzli mövqeyini nəzərə alaraq bu sammiti boykot edib.
“Bundan başqa, 2024-cü ildə Londonda keçirilən sammitdə də Ermənistan və Azərbaycan rəhbərləri arasında gözlənilən görüş baş tutmayıb. Britaniya rəhbərliyi bu görüşü təşkil etməyə çalışsa da, Azərbaycan tərəfi prinsipial mövqe sərgiləyib və vasitəçiliyi qənaətbəxş saymayıb”.
Politoloq əlavə edib ki, sülh sazişinin imzalanması istiqamətində Azərbaycan öz üzərinə düşənləri artıq yerinə yetirsə də, Ermənistan tərəfinin hələ də atmalı olduğu addımlar var. Ermənistan öz konstitusiyasını dəyişməli və ATƏT-in Minsk Qrupu ilə bağlı fəaliyyətin rəsmi olaraq başa çatdığını bəyan etməlidir. Sülhə real zəmin yaradacaq şərtlərin yerinə yetirilməsi zəruridir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək məqsədi ilə Albaniyanın paytaxtı Tirana şəhərinə gəliblər. Zirvə toplantısının açılış mərasimində Prezident İlham Əliyevin Paşinyanla ayaqüstü görüşü baş tutub.
Töhfə Səməd
tag: Politoloq,Aydın Quliyev,Avropa Siyasi Birliyi,Azərbaycan,Ermənistan,TodayPress.tv,
