Azərbaycan Krım xanlığı deyil, Türkiyə də Osmanlı imperiyası deyil...

Azərbaycan Krım xanlığı deyil, Türkiyə də Osmanlı imperiyası deyil...
28.09.2026 13:42 Təhlil

“Bir millət, iki dövlət” olmaq “bir dövlət, bir siyasi mövqe” demək deyil. Azərbaycan Türkiyənin qardaşıdır, amma heç kimin tabeliyində olan dövlət deyil".

TodayPress TV xəbər verir ki, bunu siyasi analitik Turan Rzayev deyib.


“Məlum olduğu kimi, BMT Baş Assambleyasının 81-ci iclasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalı tərk etməməsinə görə Türkiyənin sosial şəbəkə seqmentində Azərbaycana qarşı kampaniya başlanıb. Ənənəvi olaraq yenə ölkəmizə, xalqımıza və ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səslənir. Mən bu hadisəni sadəcə bir neçə sosial media istifadəçisinin emosional reaksiyası kimi qiymətləndirmirəm. Çünki bu, ilk dəfə baş vermir və Azərbaycana qarşı təzyiq, ittiham və yuxarıdan-aşağı münasibət nümayiş etdirən yanaşmalar dəfələrlə təkrarlanıb”, - deyə o bildirib.

O qeyd edib ki, prinsipial bir məsələyə aydınlıq gətirmək lazımdır.

“Azərbaycan Türkiyənin düşməni deyil, amma Türkiyənin kiçik qardaşı da deyil və heç bir halda onun tabeliyində olan dövlət deyil. Azərbaycan müstəqil, suveren və bərabərhüquqlu dövlətdir. Türkiyə ilə Azərbaycan arasında tarixi, milli, mədəni və mənəvi bağlar son dərəcə güclüdür. “Bir millət, iki dövlət” ifadəsi də bu münasibətlərin mahiyyətini əks etdirir. Lakin “bir millət” anlayışı “bir dövlət” demək deyil. Əksinə, iki dövlətin müstəqilliyinə, suverenliyinə və siyasi seçimlərinə hörmət edilməsi bu qardaşlığın əsas şərtidir. Azərbaycanın Türkiyəyə qardaş deməsi öz dövlətçilik iradəsindən imtina etməsi demək deyil. Türkiyənin də Azərbaycana qardaş deməsi Ankaraya Bakının siyasi qərarlarını müəyyənləşdirmək hüququ vermir.

Bunu ona görə deyirəm ki, Türkiyənin Azərbaycana yanaşmasını Osmanlı-Krım xanlığı münasibətinə bənzədən yanaşmalar görürəm. Bəli, Krım xanlığı da türk idi və Osmanlı imperiyası ilə xüsusi münasibətlərə malik idi. Lakin Krım xanlığı Osmanlının vassalı idi. Azərbaycan Krım xanlığı deyil, Türkiyə də Osmanlı imperiyası deyil. Azərbaycan Türkiyənin yanında ola, ona dəstək verə və Türkiyənin ağrısını öz ağrısı hesab edə bilər. Amma bu, Azərbaycanın hər məsələdə Türkiyənin siyasi mövqeyini təkrarlamalı olduğu anlamına gəlmir. Qardaşlıq itaət deyil, müttəfiqlik tabeçilik deyil, dostluq isə siyasi suverenlikdən imtina etmək deyil”.

Analitik digər tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini və Şərqi Qüdsün onun paytaxtı olmasını vurğuladığını xatırladıb:

“Azərbaycan Fələstinə iqtisadi və humanitar yardım göstərir, BMT-də Fələstinin lehinə qətnamələri dəstəkləyir və Fələstində nümayəndəliyi fəaliyyət göstərir. Bu baxımdan, Azərbaycanın İsraillə münasibətlərinin Türkiyədə Fələstin məsələsindən daha çox müzakirə olunması sual doğurur. Mən bu kampaniyanı yalnız bir qrup sosial media istifadəçisinin işi hesab etmirəm. Bununla belə, Türkiyədə Azərbaycanı sevən və iki ölkə arasındakı qardaşlıq münasibətlərinə dəyər verən kifayət qədər insan var. Biz bir qrupun və ya bir yanaşmanın davranışına görə qardaş dövlətimizdən imtina etməyəcəyik. Lakin onlar da Azərbaycana qarşı bu cür kampaniyalara səssiz qalmamalıdırlar”.

Jalə Rövşən 

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər