Azərbaycan imperiya qalıqları ilə VİDALAŞIR: MDB-dən çıxış gündəmdə

Təhlil

02.07.2025 12:41

“Azərbaycanla Rusiya arasındakı son hadisələr bunu deməyə əsas verir ki, Azərbaycan nəinki Müstəqil Dövlətlər Birliyini (MDB) tərk edə, hətta Rusiya ilə ikitərəfli münasibətləri də yenidən nəzərdən keçirə bilər”.

Siyasi ekspert Rusif Məmmədsoy bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, MDB-nin formal qurum olduğunu qeyd edib və Azərbaycanın bu qurumdan çıxmaq ehtimalını istisna etməyib:

“Azərbaycan müstəqil dövlətdir, verdiyi qərarların arxasında ciddi siyasi iradə dayanır. Qarabağda qazanılan qələbədən sonra Azərbaycanın manevr imkanları da xeyli genişləndi. Şübhəsiz ki, bu, Rusiyanı qane etmir. Doğrudur, Azərbaycan Rusiya ilə tərəfdaşlıq sazişi bağlayıb, normal münasibətlərimiz mövcuddur, lakin bütün bunlar situativ xarakter daşıyır ki, hazırda məhz bunu izləməkdəyik. Çünki Rusiya hələ də imperiya xülyası ilə yaşayır və onun bu istəkləri nə bizi, nə də digər bölgə ölkələrini razı sala bilər. Xatırlayaq ki, Qarabağ savaşından sonra Rusiya rəhbərliyi açıq şəkildə bu məsələdə Paşinyanı günahlandırır və dilə gətirirdi ki, hələ hər şey bitməyib. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin zərgər dəqiqliyi ilə həyata keçirdiyi siyasi gedişlər nəticə etibarı ilə onları da fakt qarşısında qoydu. Bütün bunları nəzərə aldığımız zaman bir daha bu fikri təsdiqləyirəm ki, tez zamanda Azərbaycanın həm MDB-ni tərk edəcəyini, həm də Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirəcəyini düşünürəm”.

Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların amansızlıqla öldürülməsindən sonra Moskva və Bakı arasında gərginlik artıb. Son hadisələrdən sonra Azərbaycanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması da müzakirə predmetidir. 

Qiymət Mahir

tag: Rusif Məmmədsoy,Ekspert,Rusiya,Azərbaycan,Todaypress.tv,

photo