Rusiyanın sabotaj cəhdləri fayda vermədi: Vaşinqton görüşü nələr vəd edir? – Politoloq detalları AÇDI

Təhlil

06.08.2025 16:23

“Avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşlə bağlı müsbət gözləntilər var. Bu görüş Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının tezləşdirilməsinə, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində işlərə təkan verə bilər”.

Politoloq Yusif Bağırzadə bu fikirləri TodayPress TV-yə açıqlamasında deyib.

O xatırladıb ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüşdə tərəflər arasında 5 saatlıq danışıqlar nəticəsində müəyyən razılaşmalar əldə olunmuşdu. Analitikin fikrincə, Əbu-Dabinin ABŞ-yə yaxın siyasi mərkəzlərdən biri kimi rolu nəzərə alınarsa, həmin görüşdə əldə edilən razılaşmalar Vaşinqtonda keçiriləcək görüş üçün bir növ hazırlıq mərhələsi hesab edilə bilər:

“Əbu-Dabi görüşündə əldə olunan razılaşmalar əsasən sülh sazişi layihəsinin paraflanmasını, Zəngəzur dəhlizi məsələsini və sərhədlərin delimitasiya-demarkasiya prosesini əhatə edirdi. Bu baxımdan, indi Donald Trampın iştirakı ilə keçiriləcək görüşdə sazişin paraflanması, yəni maddə-maddə razılaşdırılması və Zəngəzur dəhlizi ilə bağlı konkret qərarın verilməsi mümkündür”.

Ekspert vurğulayıb ki, bu görüş hələ yekun sülh sazişinin imzalanması demək deyil. Çünki Azərbaycanın irəli sürdüyü əsas şərtlər hələ də yerinə yetirilməyib. Söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların ləğvindən və ATƏT-in Minsk Qrupundan tamamilə imtina olunmasından gedir:

“ABŞ bu şərtlərdən xəbərdardır və real, dayanıqlı sülh üçün onların icrasının vacibliyini anlayır. Əgər ABŞ həqiqətən sülh prosesini sürətləndirmək istəyirsə, bu istiqamətdə Ermənistana təzyiq göstərməlidir. Hər bir halda bu görüşdə əldə olunacaq razılaşmalar, o cümlədən sazişin paraflanması və dəhlizlə bağlı qəbul ediləcək qərarlar sülhə doğru əhəmiyyətli addım olacaq”.

Politoloq həmçinin Rusiyanın bu prosesə verəcəyi mümkün reaksiyaya da toxunub. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması Rusiyanın regional təsir imkanlarını minimuma endirir ki, bu da Kremlin qəbul edə biləcəyi bir vəziyyət deyil.

“Rusiya bu razılaşmalardan ən çox narahat olacaq tərəfdir. Sülh prosesi onun Zəngəzur dəhlizinə müdaxiləsini də sıradan çıxarır. Artıq bir neçə gündür ki, Rusiya KİV-lərində “Stepanakert”, “Dağlıq Qarabağ”, “Artsax” kimi ifadələr yenidən gündəmə gətirilir, Qarabağdan könüllü çıxmış ermənilərin hüquqları təkrar müzakirə olunur. Bu, əslində Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq hörmətsizlik və sülh prosesini sabotaj etmək cəhdidir. Bu, Rusiyanın çarəsizliyindən qaynaqlanır və əslində informasiya təzyiqindən başqa bir şey deyil”. 

Y.Bağırzadə əlavə edib ki, Rusiyanın Ermənistana təzyiq imkanları hələ də qalır və Vaşinqton görüşündən sonra bu təsir rıçaqlarının, xüsusilə iqtisadi təzyiqlərin aktivləşdirilməsi mümkündür.

Qeyd edək ki, iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ-nin paytaxtı Vaşinqtonda görüş keçiriləcək.

Qiymət Mahir

tag: Yusif Bağırzadə,Politoloq,Rusiya,ABŞ,Azərbaycan,Ermənistan,Todaypress.tv,

photo